Təbiəti çirkləndirən müəssisələrə yeni tələb – Hesabat verməli olacaqlar
Ətraf mühitin çirklənməsi, sənaye və təsərrüfat fəaliyyətinin təbiətə
vurduğu zərər son illər həm dünyada, həm də Azərbaycanda aktual məsələlərdən
birinə çevrilib. Xüsusilə kənd təsərrüfatı, istehsal və digər təsərrüfat
sahələrində həyata keçirilən fəaliyyətlər torpaq, su və hava ehtiyatlarına
birbaşa təsir göstərir. Bu təsirlərin vaxtında müəyyənləşdirilməsi,
qiymətləndirilməsi və ictimaiyyətin məlumatlandırılması ekoloji təhlükəsizliyin
təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin imzaladığı qanun dəyişikliyi ilə ətraf mühitə
təsirin qiymətləndirilməsi və istehsalat monitorinqi sahəsində yeni tələblər
müəyyənləşdirilib. Dəyişikliyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi
tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər istehsalat
monitorinqi aparmalı, onun nəticələrinə dair illik hesabatı növbəti il fevralın
1-dək müvafiq quruma təqdim etməlidirlər. Monitorinq zamanı istifadə olunan
ölçmə vasitələri də təsdiqlənməli və yoxlamadan keçirilməlidir.
Bu dəyişikliklər ekoloji nəzarətin gücləndirilməsi, təsərrüfat subyektlərinin məsuliyyətinin artırılması və ətraf mühitə vurulan zərərin qarşısının alınması baxımından nə vəd edir?

Crossmedia.az-a açıqlamasında ekoloq Rövşən Abbasov bildirib ki, bu, sırf
texniki prosedurdur:
“Yəni ətraf mühitə təsirin qiymətləndirilməsi ilə məşğul olan şirkətlər hər
hansı müəssisənin fəaliyyətini yoxlayarkən həmin müəssisə üzərində nəzarət
aparmalı və hesabat təqdim etməlidirlər. Bu hesabatda müəssisənin fəaliyyəti
nəticəsində ətraf mühitə ziyan dəyib-dəymədiyi göstərilməlidir.
Alətlərə gəlincə, əlbəttə ki,
istifadə olunan alətlər təsdiq edilmiş olmalıdır. Yəni hansı alətlə və necə
ölçmə aparılacağı da bu istiqamətdə qanunvericiliklə tənzimlənir. Bu qanun
ətraf mühitin monitorinqinin daha da təkmilləşdirilməsini nəzərdə tutur”.
Məhəbbət Tərlanoğlu
17:45 24.11.2026
Oxunuş sayı: 29