İşə 5 dəqiqə gecikən işçi cəzalandırıla bilərmi?
Son dövrlərdə iş yerlərində əmək intizamı, işə başlama və işdən çıxma saatlarına riayət olunması məsələsi tez-tez müzakirə olunur. Xüsusilə paytaxtda nəqliyyat sıxlığının artması, ictimai nəqliyyatda yaranan gecikmələr və digər səbəblər işçilərin işə vaxtında çatmasına təsir göstərir. Bəzi müəssisələrdə rəhbərlik bu halları nəzərə alaraq əməkdaşlara 5, 10, hətta 15 dəqiqəlik güzəşt edir. Digər müəssisələrdə isə bir neçə dəqiqəlik gecikmə belə əmək intizamının pozulması kimi qiymətləndirilir.
Burada əsas sual yaranır: işçinin işə bir neçə dəqiqə gecikməsi hansı hallarda hüquqi məsuliyyət yarada bilər? Azərbaycan Respublikasının Əmək Məcəlləsində belə gecikmələrə görə konkret güzəşt müddəti nəzərdə tutulubmu? İşəgötürən hansı hallarda işçiyə töhmət verə, əməkhaqqından tutulma apara və ya əmək müqaviləsinə xitam verə bilər? Digər tərəfdən, işçinin iradəsindən asılı olmayan tıxac, ictimai nəqliyyatın dayanması və əlverişsiz hava şəraiti necə qiymətləndirilməlidir?
Eyni zamanda, işəgötürənin işçidən gecikdiyi vaxtı iş gününün sonunda işləməyi tələb etmək hüququnun olub-olmaması da müzakirə doğuran məsələlərdəndir. Çünki iş vaxtının uzadılması, iş vaxtından artıq işə cəlbetmə və bunun qarşılığında ödəniş edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalara tabedir. Bu baxımdan, işə gecikmə ilə bağlı həm işçinin hüquq və vəzifələrinin, həm də işəgötürənin səlahiyyətlərinin düzgün müəyyənləşdirilməsi vacibdir.

Crossmedia.az-a açıqlamasında hüquqşünas Tağı Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində işə gecikməyə görə 5, 10 və ya 15 dəqiqəlik güzəşt müddəti nəzərdə tutulmayıb:
"İşçinin işə başlama vaxtı əmək müqaviləsi, müəssisənin daxili intizam qaydaları və iş vaxtı rejimi ilə müəyyən edilir. Məsələn, işçinin işə başlama vaxtı saat 09:00-dırsa, saat 09:05-də işə gəlməsi gecikmə hesab oluna bilər.
Lakin gecikmə faktının baş verməsi avtomatik olaraq işçinin cəzalandırılması demək deyil. Qanunvericilikdə işçinin yalnız müəyyən sayda gecikmədən sonra töhmət ala biləcəyinə dair məhdudiyyət yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını, əmək müqaviləsi üzrə vəzifələrini və müəssisədaxili intizam qaydalarını pozduqda ona intizam tənbehi verilə bilər. Bununla belə, işə başlama vaxtı əvvəlcədən müəyyən edilməli, işçi müvafiq qaydalarla tanış olmalı, gecikmə faktı sübuta yetirilməli, işçinin izahatı alınmalı və tənbeh tətbiq edilərkən gecikmənin xarakteri və səbəbi nəzərə alınmalıdır.
Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməzdən əvvəl işəgötürən işçidən yazılı izahat tələb etməlidir. Bundan əlavə, 186-cı maddənin 3-cü hissəsinə əsasən, intizam tənbehi tətbiq edilmədən də işçiyə yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab edilmir. Hüquqi baxımdan bir dəfə 5 dəqiqə gecikməyə görə də töhmət verilə bilər, lakin bu, avtomatik və mütləq qaydada tətbiq edilən tədbir deyil. İşəgötürən gecikmənin səbəbini və tətbiq ediləcək tədbirin mütənasibliyini nəzərə almalıdır.
Gecikməyə görə əməkhaqqından pul tutulması məsələsinə gəldikdə, burada Əmək Məcəlləsinin 175-ci maddəsinə diqqət yetirmək lazımdır. Həmin maddəyə əsasən, əməkhaqqından tutulmalara yalnız qanunla nəzərdə tutulmuş hallarda, işçinin yazılı razılığı və ya müvafiq qanuni əsas olduqda yol verilə bilər. Digər tərəfdən, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «c» bəndində xüsusi hal nəzərdə tutulur. Belə ki, kollektiv müqavilədə nəzərdə tutulduğu halda işçiyə aylıq əməkhaqqının dörddəbirindən çox olmamaq şərtilə cərimə tətbiq edilə bilər. Burada iki mühüm məqam var: cərimə kollektiv müqavilədə nəzərdə tutulmalı və onun məbləği aylıq əməkhaqqının dörddəbirindən artıq olmamalıdır.
Deməli, işəgötürən öz təşəbbüsü ilə daxili qərar qəbul edərək, məsələn, hər 5 dəqiqə gecikməyə görə işçinin əməkhaqqından 10 manat tuta bilməz. Eyni zamanda, vaxtamuzd əməkhaqqı sistemində faktiki işlənilməmiş vaxta görə əməkhaqqının hesablanmaması ilə cərimə məqsədilə əməkhaqqından pul tutulması fərqli hüquqi məsələlərdir.
İşçinin mütəmadi gecikməsi və bunun işdən çıxarılmaya səbəb olub-olmaması məsələsinə gəldikdə, hüquqi əsas Əmək Məcəlləsinin 70-ci və 72-ci maddələrində göstərilib. Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə əsasən, işçi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozarsa, bu, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Belə halda Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi mümkün ola bilər.
Məsələn, işçi işə gecikdiyinə görə töhmət alır, lakin intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində yenidən əmək intizamını pozur. Bu halda işəgötürən əmək müqaviləsinə xitam verilməsi məsələsini qaldıra bilər. Ancaq işdən çıxarılma avtomatik baş vermir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçinin təqsirli hərəkətləri nəticəsində işin və əmək intizamının normal ahəngi pozulmalı və ya işəgötürənin, kollektivin hüquq və qanunla qorunan mənafelərinə ziyan dəyməlidir. İşəgötürən həmçinin əmək müqaviləsinə xitamın zəruriliyini əsaslandırmalıdır.
Tıxac, ictimai nəqliyyatın gecikməsi və hava şəraitinin üzrlü səbəb hesab edilib-edilməməsinə gəldikdə, Əmək Məcəlləsində bu hallar ayrıca və avtomatik üzrlü səbəb kimi sadalanmayıb. Lakin hər bir hadisə konkret şəraitə uyğun qiymətləndirilməlidir. Məsələn, adi yol tıxacı işçi üçün hər zaman üzrlü səbəb hesab olunmur. İctimai nəqliyyatın gözlənilmədən dayanması və ya ciddi nasazlığın baş verməsi nəzərə alına bilər. Güclü qar, sel, yolların bağlanması və digər fövqəladə hallar da üzrlü səbəb kimi qiymətləndirilə bilər. Bu zaman işçinin gecikmənin səbəbini təsdiq edən sübutlar təqdim etməsi də əhəmiyyətlidir.
Mənim hüquqi yanaşmam belədir ki, işçinin iradəsindən asılı olmayan və əvvəlcədən qarşısını almaq imkanına malik olmadığı halları adi əmək intizamı pozuntusu ilə eyniləşdirmək düzgün deyil".
Hüquqşünas qeyd edib ki, işə gecikmələrlə bağlı, xüsusilə də hazırda yollarda tıxacların geniş yayıldığı bir vaxtda, bir çox işçi ilə müəyyən problemlər yaşana bilər:
"Amma sonda gəldiyim qənaət ondan ibarətdir ki, əgər işçinin iradəsindən asılı olmayan səbəblərdən gecikmə halı baş verərsə və bununla bağlı ona cəza tətbiq edilərsə, həmin əmrin ləğvi üçün məhkəməyə müraciət etmək mümkündür.
Məsələn, bir məsələ var adi yol tıxacı, digər məsələ isə körpünün uçması, güclü dolu yağması, ağacın yola aşması və bu kimi gözlənilməz hadisələrdir. Əgər bu hallar müvafiq sübutlarla məhkəməyə təqdim olunarsa, təbii ki, məhkəmə həmin intizam tənbehi ilə bağlı əmrin ləğvi barədə qətnamə qəbul edə bilər. Yəni burada fors-major hallarından söhbət gedir. Belə hallar baş verdikdə və sübutlarla təsdiqləndikdə, işçinin cəzalandırılması məsələsinə hüquqi baxımdan yenidən qiymət verilə bilər".
Məhəbbət Tərlanoğlu
17:47 24.11.2026
Oxunuş sayı: 29