“Kənddən şəhərə” yarmarkası Ağdaşda təşkil olunub
Ağdaş şəhərində yerli fermerlərin məhsullarını birbaşa istehlakçılara təqdim etməsi məqsədilə növbəti “Kənddən şəhərə” yarmarkası təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkil etdiyi yarmarka Heydər Əliyev prospekti 4 ünvanında keçirilib.
Yarmarkanı Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin müşaviri Elmir Bədəlov və digər rəsmi şəxslər ziyarət ediblər. Onlara satış prosesi, yarmarkanın təşkili və fermerlər üçün yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, “Kənddən şəhərə” yarmarkalarının Ağdaşda və ölkənin digər bölgələrində mütəmadi keçirilməsi nəzərdə tutulur. Bu cür təşəbbüslər yerli istehsalçıların məhsullarını daha geniş auditoriyaya çatdırmasına, fermerlərlə istehlakçılar arasında birbaşa əlaqələrin qurulmasına imkan yaradır.
İki gün davam edən yarmarkada ölkənin müxtəlif bölgələrindən olan 45-ə yaxın fermer 50 çeşiddə, ümumilikdə 6 tona qədər kənd təsərrüfatı və qida məhsulunu satışa çıxarıb.
Fermerlər satış üçün lazım olan piştaxta, tərəzi və digər avadanlıqlarla ödənişsiz təmin olunublar.(Azərtac)
18:06 11.10.2026
Oxunuş sayı: 56