Dostluq və əməkdaşlığımızın yeni üfüqləri
Bildiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində dövlət başçımızın işgüzar səfəri baş tutmuşdur. Dövlət başçımız İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün Avaza Kompleksinə gəlmişdir. Son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə dövlətimizin sıx qardaşlıq, dostluq münasibətləri durmadan artır. Bu bizim üçün, əlbəttə, qürurverici bir haldır.
Keçən ilin noyabr ayında Azərbaycan Türkmənistanın təşəbbüsü ilə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü seçilmişdir. Azərbaycanla Türkmənistan arasındakı bağların daha da möhkəmlənməsi, Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisinin təməlinin birgə qoyulması, düşmən tapdağından azad olunmuş ərazilərimizin bərpasında bizə bu cür dəstək olmaqları tarixdə unudulmaz bir salnamə kimi qalacaqdır. O cümlədən, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın da bizə köməyini unutmuruq.
Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi əməkdaşlıqları artıq demək olar ki, yüksək səviyyədədir. Dövlət başçımızın da qeyd etdiyi kimi, biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq. İqtisadi əməkdaşlıq Prezident İlham Əliyevin çıxışında əsas yer tutan məsələlərdən biri olmuşdur.
Xəzər dənizinin ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynadığını, bizim ümumi sərvətimiz olduğunu, onun nadir ekosistemini qorumağın və gələcək nəsillərə ötürməyin vacib olduğunu məsuliyyət kimi vurğulamışdır. Nəqliyyat sahəsi kimi energetika sahəsi də ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına zəmin yaradır. Məlumdur ki, Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla da birgə iş aparılır. Zənnimcə, bu çoxsahəli tərəfdaşlıq ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək. 2027-ci ildə keçiriləcək Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə prezidentimiz İlham Əliyevin ilk dəfə sədrlik etməsi, bu qardaş ölkələrin birgə fəaliyyətinin inkişafına öz töhfəsini verəcək və bunun da öhdəsindən uğurla gələcəyinə əminik.
Oktyabr ayının 9-da Dövlət Başçımız İlham Əliyev Türkmmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da iştirak etmişdir. Bu il Müstəqil Dövlətlər Birliyi özünün 35 illiyini qeyd edir. Prezident çıxışı zamanı 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirdi. MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə də iclası keçirilmişdir.
Eyni zamanda, Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tətkibdə də iclası olmuşdur. Dövlət Başçımız buradakı çıxışı zamanı da Xəzər dənizinin ekoloji problemlərinin həlli yollarından söz açmışdır. Əməkdaşlığımızın daha da yüksək inkişafı üçün Xəzər mühüm rol oynayır. 2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya tarixi əhəmiyyətə malikdir. Prezidentimiz bunu Xəzəryanı 5 dövlətin uzun illər apardıqları birgə işin nəticəsi kimi səciyyələndirdi. Xəzər dənizinin uzun illərdir səviyyəsinin aşağı düşməsi və getdikcə dayazlaşması artıq həyacan təbili çalmağın yetişməyini göstərir. Dövlət Başçımız da bunun qarşısını almaq məqsədilə ekspert qrupları yaratmağı təklif etmişdi. Çıxışında onu da qeyd etdi ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Mən belə düşünürəm ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşmə problemi təkcə bizim üçün problem olmamalıdır. Xəzəryanı ölkələr də bu haqda ciddi düşünsələr pis olmaz. Sonda fikrimi prezidentimizin sözləri ilə bitirmək istəyirəm: “İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun”.
Əliəskərova Nuray
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

16:30 11.10.2026
Oxunuş sayı: 143