Husilərdən Səudiyyə Ərəbistanına zərbə: Planın arxasında İRAN DAYANIR
Səudiyyə Ərəbistanının Əbha Beynəlxalq Hava Limanına və Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumlar Yaxın Şərqdə təhlükəsizlik risklərini yenidən gündəmə gətirib. Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin açıqlamasına görə, hücumlar nəticəsində 3 nəfər həlak olub, 36 nəfər yaralanıb. Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casem Əl-Budeyvi mülki hava limanlarının hədəfə alınmasını pisləyərək beynəlxalq ictimaiyyəti husilərin hücumlarına qarşı qətiyyətli və çəkindirici cavab verməyə çağırıb. Hadisələr İranın dəstəklədiyi husilərin regional qarşıdurmada hansı rolu oynadığı və Bab əl-Məndəb boğazının beynəlxalq ticarət üçün yaratdığı risklərlə bağlı müzakirələri də gücləndirib.
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında bildirib ki, husilər İranın regional təsir imkanlarını genişləndirmək üçün istifadə etdiyi vasitələrdən biridir. Onun sözlərinə görə, Yəmənin paytaxtı Sənaya və ölkənin bir sıra ərazilərinə nəzarət edən qruplaşmanın Bab əl-Məndəb boğazı ətrafında mövqelərini gücləndirməsi Tehrana beynəlxalq ticarət marşrutları üzərindən əlavə təzyiq imkanı yarada bilər. Lakin politoloq husilərin qlobal təhlükə yaradacaq və beynəlxalq qüvvələrin qarşısında dayanacaq hərbi gücə malik olmadığını düşünür:

“Düşünürəm ki, bu məsələnin içərisində də ciddi oyunlar mövcuddur. Çünki dünya susmaqla, xüsusilə də ABŞ və Avropa İttifaqı prosesə müdaxilə etməməklə, dolayısı ilə husiləri bütün beynəlxalq ictimai rəydə bir terrorçu qruplaşma kimi təqdim etdilər. Bundan sonra onlara qarşı ola biləcək total hücumlarda beynəlxalq ictimaiyyətin husiləri zərərsizləşdirəcək qüvvələrə pis mövqeyi olmayacaq. Əksinə, husi qüvvələrinin ləğvini bütün dünya, beynəlxalq ticarət dəhlizləri və azad naviqasiya nöqteyi-nəzərindən hərbi uğur kimi dəyərləndirəcəklər. Husilərin mövqelərinin zəiflədilməsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəyi və Yəmən daxilindəki qüvvələr balansı həlledici rol oynaya bilər. Yəmən ordusunun müxtəlif hərbi qruplaşmalardan ibarət olmasına baxmayaraq, onun mövqelərinin güclənməsi tayfa və qəbilələrin də hökumət qüvvələrinin tərəfinə keçməsinə şərait yarada bilər. Bu isə husilərin ölkə daxilindəki dayaqlarını zəiflədərək onları daha çətin vəziyyətə sala bilər".
Onun fikrincə, Səudiyyə Ərəbistanına qarşı birbaşa hərbi müdaxilə İran üçün qarşıdurmanın daha da genişlənməsi və yeni dövlətlərlə üz-üzə qalması riskini yaradar. Pakistan və Türkiyənin Səudiyyə Ərəbistanına mümkün dəstəyini də regional qüvvələr balansına təsir edən amillər sırasındadır. Türkiyənin hava hücumundan və raketdən müdafiə sistemləri, radarlar və hərbi mütəxəssislərlə dəstəyi Səudiyyə Ərəbistanının müdafiə imkanlarını gücləndirə bilər. Böyük Britaniya və Fransa kimi Avropa dövlətlərinin də prosesə hərbi dəstək verməsi ehtimalı qarşıdurmanın gedişinə təsir göstərə bilər:
“İran açıq şəkildə husilərə qarşı əməliyyatda onlara yardım edəcək, müharibəyə müdaxilə edəcək səviyyədə deyil. Çünki bu, İranın məsələsi deyil. Əgər Hörmüz boğazının bağlanmasını İran özünün təhlükəsizlik məsələsi kimi təqdim edərək bütün hücumlara cavab verirsə, Bab əl-Məndəb boğazını bağlamaq istəyən husilərin yaratdığı yeni münaqişədə birbaşa iştirak İrana heç bir hüquqi zəmin və əsas vermir. İranın iqtisadi vəziyyətinin və uzunmüddətli müharibənin maliyyə yükünün də Tehranın qərarlarına təsir göstərəcək. Husilərin İran üçün uzunmüddətli və effektiv təzyiq aləti olaraq qalacağına inanmır və qruplaşmanın yaxın perspektivdə ciddi şəkildə zəiflədilə bilər".
Politoloqun fikrincə, Bab əl-Məndəb boğazının beynəlxalq ticarətə qarşı təzyiq vasitəsi kimi istifadəsinin qarşısının alınması regional və beynəlxalq aktorların əsas hədəflərindən birinə çevrilə bilər.
Zeynəb Həsən
16:15 09.10.2026
Oxunuş sayı: 141