Türkiyədə hakim partiyanın sədr müavini istefa verib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hayati Yazıcı partiya rəhbərliyindəki vəzifələrindən istefa verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Yazıcı bu barədə sosial şəbəkə hesabında yaydığı yazılı açıqlamada məlumat verib.
O, partiyanın Mərkəzi İcraiyyə Komitəsi (MYK) və Mərkəzi Qərar və İdarə Heyətindəki (MKYK) üzvlük vəzifələrindən ayrılmaq qərarı aldığını bildirib.
İstefanın səbəblərindən danışan siyasətçi son günlər oğlu Mustafa Yazıcı ilə bağlı gündəmə gələn iddialara toxunub. O, oğlunun araşdırmaya mövzu olan fondlardan, eləcə də sahibi olduğu şirkətlər vasitəsilə hər hansı maddi gəlir əldə etmədiyini iddia edib.
Hayati Yazıcı oğlunun Adil Katılım Bankının ortağı, təsisçisi və ya rəhbəri olması ilə bağlı məlumatları da təkzib edib. O, bu məsələdə təqsirsizlik prezumpsiyasına və şəxsin nüfuzunun qorunması hüququna hörmət edilməsinin vacibliyini vurğulayıb.
Siyasətçi bildirib ki, son hadisələrlə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrin partiyaya zərər vurmasına imkan verməmək üçün belə qərar qəbul edib.
Yazıcı təxminən 35 illik siyasi fəaliyyətini xatırladaraq, Prezident Rəcəb Tayyib Ərdoğana və birlikdə çalışdığı şəxslərə təşəkkür edib.
O, açıqlamasını bu sözlərlə tamamlayıb: “Bu gün bir vəzifədən ayrılıram, amma ölkəmə, millətimə, demokratiyaya, ədalətə və inandığım dəyərlərə xidmət etmək məsuliyyətindən ayrılmıram”.
Qeyd edək ki, Hayati Yazıcının istefası partiya üzvlüyündən deyil, rəhbər vəzifələrindən ayrılması ilə bağlıdır.
22:55 24.11.2026
Oxunuş sayı: 31