Kadırov Ukrayna müharibəsinin nə vaxt başa çatacağını açıqlayıb
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada davam edən müharibənin yaxın bir il ərzində başa çata biləcəyinə ümid etdiyini bildirib. O, bununla bağlı dəqiq proqnoz verməyin mümkün olmadığını vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Kadırov bu barədə noyabrın 24-də keçirdiyi canlı yayım zamanı danışıb.
Onun sözlərinə görə, müharibənin nə vaxt başa çatacağını heç kim dəqiq bilmir və bu, Allahın iradəsindən asılıdır.
“Xüsusi hərbi əməliyyatın nə vaxt başa çatacağını heç kim bilmir, hər şey Allahın əlindədir. Dəqiq proqnoz verə bilmərəm, amma ümid edirəm ki, bir il ərzində başa çatacaq”, – deyə Kadırov bildirib.
Çeçenistan rəhbəri Ukraynada döyüşən rusiyalı və çeçenistanlı hərbçilərin qarşıya qoyulan nəticələrə nail olmaq üçün fəaliyyət göstərdiklərini və uğurlar qazandıqlarını iddia edib.
O, həmçinin münaqişənin həlli ilə bağlı aparılan danışıqların da prosesə təsir edə biləcəyini qeyd edib.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə münaqişənin nizamlanmasına dair danışıqlar keçirilib. Tərəflər arasında əsas nəticələrdən biri genişmiqyaslı əsir mübadiləsi ilə bağlı razılaşma olub.
21:44 24.11.2026
Oxunuş sayı: 28