COP31 gözləntiləri doğrultmadı: İqlim böhranına qarşı ortaq qərar yoxdur
İqlim dəyişmələri, qlobal istiləşmə,
su ehtiyatlarının azalması, biomüxtəlifliyin məhv olması və ekstremal hava
hadisələrinin çoxalması dünya üçün ən ciddi ekoloji təhdidlərə çevrilib. Bu
problemlərin həlli ayrı-ayrı ölkələrin səyləri ilə mümkün olmadığından
beynəlxalq əməkdaşlıq və ortaq öhdəliklər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan
hər il keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı – COP
sammitləri qlobal ekoloji siyasətin əsas müzakirə platformalarından hesab
olunur.
Noyabrın 9-22-də Türkiyənin Antalya
şəhərində keçirilən COP31 də iqlim böhranına qarşı mübarizə, ekoloji
maliyyələşmə, bərpaolunan enerji, tullantıların azaldılması və iqlim
dəyişmələrinə uyğunlaşma məsələlərini gündəmə gətirib. Sammitdə ədalətli enerji
keçidi, iqlim maliyyələşməsinin əlçatanlığının artırılması və iqlim
dəyişmələrinin nəticələrindən zərər çəkən ölkələrə dəstək istiqamətində müəyyən
razılaşmalar əldə olunub. Həmçinin 2035-ci ilədək elektrik enerjisinin ümumi
enerji istehlakındakı payının 35 faizə çatdırılması hədəfinə də geniş dəstək
ifadə edilib.
Bununla belə, sammit bütün
gözləntiləri doğrultmayıb. Xüsusilə fosil yanacaqlardan imtina ilə bağlı
konkret yol xəritəsinin qəbul edilməməsi və yekun siyasi sənəd üzrə ölkələrin
konsensusa gələ bilməməsi ciddi fikir ayrılıqlarını üzə çıxarıb. Beləliklə,
COP31-də müəyyən irəliləyişlər əldə edilsə də, qlobal iqlim böhranının əsas
səbəblərindən birinin aradan qaldırılması istiqamətində ortaq mövqe
formalaşmayıb.
Bəs COP31 real ekoloji problemlərin
həlli baxımından nə dərəcədə uğurlu oldu?
Crossmedia.az-a açıqlamasında ekoloq Məhərrəm
Mehdiyev bildirib ki, bu konfransın keçirilməsi və orada əldə olunan
uğurlar, uğursuzluqlarla bağlı suallara cavab vermək bir qədər çətindir:
“Çünki real həyatda o qədər dəyişikliklər baş verir ki, bu konvensiyalar, o
cümlədən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası belə məsələləri uğurla
həll edə bilmir.
Mən belə düşünürəm ki, bu konvensiyalar artıq siyasiləşdirilib. Orada
müxtəlif qruplaşmaların mövcudluğu da proseslərin irəliləməsinə və uğurlu
nəticələrin əldə olunmasına mane olur.
İndi COP31-də istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı konkret
qlobal öhdəlik üzrə razılıq əldə olundumu? Olunmadı. Təbii yanacaqların
istifadəsi, yəni fosil yanacaqlarla bağlı əsas yekun sənəddə razılaşma əldə
edildimi? Xeyr. Digər bəndlərdə müəyyən kiçik uğurlar olsa da, ciddi fikir
ayrılıqları mövcuddur.
Adaptasiya tədbirlərinə gəlincə, bu barədə danışmaq asandır. Lakin onların
real həyata keçirilməsi üçün ilk növbədə maliyyə, eləcə də müəyyən elmi və
praktiki təcrübə lazımdır. Yəni bu, sadəcə olaraq, Məhərrəm müəllimin çıxış
edib dəniz sahili boyunca adaptasiya tədbirlərinin görülməsinin vacibliyini
deməsi ilə bitmir. Konkret olaraq hansı tədbirlərin görülməli, hansı sahələrin
iqlim dəyişmələrinə uyğunlaşdırılmalı olduğu göstərilməlidir.
Bu mənada, konvensiyadan böyük gözləntilərimin olmadığını əvvəlcədən düşünürdüm”.
Məhəbbət Tərlanoğlu
18:06 24.11.2026
Oxunuş sayı: 31