Azərbaycan-Çexiya hərbi əməkdaşlığı: Perspektivlər açıqlandı
Azərbaycan və Çex Respublikası arasında hərbi-texniki əməkdaşlığın hüquqi əsaslarını müəyyən edən saziş təsdiqlənib. Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla sentyabrın 30-da Bakıda imzalanmış hökumətlərarası saziş təsdiq edilib. Sənəd iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çexiya ilə hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycanın müdafiə sənayesinin imkanlarının genişləndirilməsi, hərbi texnikanın modernləşdirilməsi, birgə istehsal və texnologiya mübadiləsi baxımından yeni perspektivlər yaradır. Bu sazişin konkret istiqamətləri, Azərbaycanın müdafiə potensialına verə biləcəyi töhfələr və iki ölkə arasında hərbi tərəfdaşlığın gələcək perspektivləri xüsusi maraq doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, Çexiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığı Avropa istiqamətində inkişaf edən mühüm tərəfdaşlıq sahələrindən biridir: “Bu istiqamətdə indiyədək bir sıra addımlar atılıb. Nəzərə alsaq ki, Çexiyada hələ sovet dövründən hərbi sənaye müəssisələri mövcuddur, bu ölkə ilə əməkdaşlıq Azərbaycanın mövcud hərbi texnikasının modernləşdirilməsi, təmiri və bərpası baxımından da əhəmiyyətli imkanlar yarada bilər. 23 noyabr 2026-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan və Çexiya arasında hərbi əməkdaşlığın müxtəlif istiqamətləri müəyyənləşdirilib. Sənədə əsasən, aviasiya, radioelektron mübarizə, artilleriya qurğuları, zirehli texnika, atıcı silahlar, texnologiyaların inkişafı və texniki personalın hazırlanması kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Həmçinin birgə müəssisələrin yaradılması, Azərbaycanda mövcud artilleriya və zirehli texnikanın təmiri və bərpası istiqamətində birgə fəaliyyət imkanları da diqqət çəkir. Azərbaycan-Çexiya hərbi-texniki əməkdaşlığının dinamikasını statistik göstəricilər də əks etdirir. Belə ki, 2024-cü ildə Azərbaycan Çexiyadan 5,5 milyon avro dəyərində silah-sursat və hərbi təyinatlı avadanlıq idxal edib. 2025-ci ildə isə bu göstərici 118 faiz artaraq 12 milyon avronu ötüb. Bu rəqəmlər Çexiya istehsalı olan hərbi məhsullara Azərbaycanın marağının artdığını göstərir”.

Ekspert qeyd edib ki, bütün bunlar Azərbaycanın hərbi-texniki əməkdaşlığını yalnız Türkiyə, Rusiya, İsrail və Pakistanla deyil, Avropa ölkələri ilə də genişləndirməyə çalışdığını göstərir: “Çexiya ilə tərəfdaşlığın inkişafı müdafiə sənayesinin imkanlarının artırılması və hərbi texnikanın modernləşdirilməsi baxımından yeni perspektivlər açır. Eyni zamanda, Çexiyada istehsal olunan L-39 NG tipli yeni nəsil təlim təyyarələrinin Azərbaycana mümkün tədarükü ilə bağlı gələcək perspektivlər də istisna edilmir. Hələlik bu istiqamətdə konkret qərarın qəbul edildiyi barədə məlumat yoxdur. Ümumilikdə, Azərbaycan və Çexiya arasında hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsini ölkənin müdafiə və təhlükəsizlik sahəsində imkanlarının gücləndirilməsinə yönəlmiş addımlardan biri kimi qiymətləndirmək olar”.
Ayhan
20:50 24.11.2026
Oxunuş sayı: 30