Zelenskidən sensasion açıqlama: Rusiya ilə Ukrayna barışa bilər
Rusiya ilə Ukrayna arasında davam edən müharibənin gələcək taleyi və müharibədən sonrakı münasibətlərin necə formalaşacağı beynəlxalq gündəmin əsas müzakirə mövzularından biridir. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə gələcəkdə dost münasibətlərin qurulmasının mümkünlüyünü istisna etməsə də, bunun üçün Moskvanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməli, törətdiyi əməllərə görə məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Lakin müharibənin yaratdığı dərin siyasi, iqtisadi və humanitar fəsadları nəzərə alsaq, bu şərtlərin Rusiya tərəfindən qəbul edilməsi nə dərəcədə realdır? Moskvanın gələcəkdə Ukrayna ilə barışığa getməsi, eləcə də vurulmuş ziyana görə kompensasiya ödəməyə razılaşması ehtimalını necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Oqtay Qasımov qeyd edib ki, Volodimir Zelenskinin dedikləri, əslində, təəccüblü görünməməlidir. Dünya tarixi bu cür hadisələrlə zəngindir: “Uzun onilliklər, hətta yüzilliklər boyu düşmənçilik etmiş ölkələr sonradan münasibətlərini normallaşdıra və mehriban qonşuluq münasibətləri qura biliblər. Bunun ən ciddi nümunələrindən biri hazırda Avropa İttifaqının aparıcı dövlətləri olan Almaniya və Fransa arasındakı münasibətlərdir. Nəzərə alsaq ki, bu iki ölkə XIX və XX əsrlərdə bir neçə dəfə genişmiqyaslı müharibələr aparıb, nəticədə çoxsaylı insan tələfatı baş verib və uzun müddət davam edən düşmənçilik yaşanıb. Buna baxmayaraq, xüsusilə son 40-50 ildə iki ölkə arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib. Bu gün Almaniya və Fransa Avropa İttifaqı çərçivəsində yaxın müttəfiqlər kimi fəaliyyət göstərirlər”.

Politoloq qeyd edib ki, Rusiya-Ukrayna münasibətlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu ölkələr və xalqlar arasında tarixi ziddiyyətlər və münaqişələr uzun müddətə gedib çıxır: “Hazırda davam edən müharibə bu qarşıdurmaların ən qanlılarından biri hesab edilə bilər. Bununla belə, tarix göstərir ki, müharibələr də son nəticədə sülh və danışıqlarla yekunlaşa bilər. Düşünürəm ki, gələcək onilliklərdə Rusiya və Ukrayna arasında normal münasibətlərin qurulması mümkündür. Lakin bunun əsas şərti Rusiyanın Ukrayna ərazilərini işğal etməkdən imtina etməsi, Ukraynanın müstəqilliyini və suverenliyini tanıması, onunla dinc yanaşı yaşamaq prinsipini qəbul etməsidir. Eyni zamanda, Rusiya törətdiyi müharibə cinayətlərini etiraf etməli və buna görə məsuliyyət daşımalıdır. Yalnız bu şərtlər yerinə yetirildiyi halda tərəflər mövcud maneələri aradan qaldıra və normal münasibətlər qurmaq istiqamətində irəliləyə bilərlər. Ancaq bunun yaxın perspektivdə, hətta qarşıdakı onilliklərdə baş verməsi real görünmür. Çünki hazırda tərəflər arasında olduqca dərin nifrət və düşmənçilik mövcuddur. Bu qarşıdurma artıq təkcə dövlətlərarası münasibətlərlə məhdudlaşmır, cəmiyyətlər və xalqlar arasında da ciddi ziddiyyətlər formalaşdırıb. Ona görə də mövcud travmaların və yaranmış uçurumun aradan qaldırılması üçün uzun illər, hətta onilliklər tələb oluna bilər. Şübhəsiz ki, bu proses dünyada baş verəcək hadisələrin və beynəlxalq siyasi vəziyyətin gələcək inkişafından da asılı olacaq. Ümumilikdə, Rusiya və Ukrayna arasında gələcəkdə normal münasibətlərin qurulması nəzəri baxımdan mümkündür. Lakin bir daha qeyd edirəm ki, bunun yaxın onillikdə, hətta bir neçə onillik ərzində reallaşması real görünmür”.
Ayhan
20:10 24.11.2026
Oxunuş sayı: 43