Avropanın təhlükəsizlik sistemi dəyişə bilər: Beş mümkün ssenari
Avropada mövcud təhlükəsizlik arxitekturasının gələcəyi ilə bağlı müzakirələr intensivləşib. ABŞ və Rusiya Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində qitənin təhlükəsizlik sisteminə yenidən baxılmasına çalışır. Bununla belə, Avropa ölkələri mövcud ittifaqların dəyişdirilməsinə və öz iştirakı olmadan təhlükəsizlik məsələləri ilə bağlı qərarlar qəbul edilməsinə qarşı çıxırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşrinin irəli sürdüyü beş mümkün ssenari dərc olunub.
Nəşrin məlumatına görə, Avropa rəsmiləri, NATO nümayəndələri və ekspertlər qitənin təhlükəsizlik sisteminin dəyişdirilməsi ilə bağlı bir sıra variantları müzakirə edirlər.
Birinci ssenari Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rolunun genişləndirilməsini nəzərdə tutur. Rusiya və Qərb dövlətlərinin iştirak etdiyi azsaylı beynəlxalq platformalardan biri olan təşkilat hərbi fəaliyyətlə bağlı şəffaflığın artırılması, dialoqun bərpası və mümkün münaqişə risklərinin azaldılması üçün istifadə oluna bilər.
İkinci variant Rusiya-NATO Şurasının fəaliyyətinin bərpa edilməsidir. 2002-ci ildə yaradılan bu mexanizm Rusiya ilə Şimali Atlantika Alyansı arasında məsləhətləşmələr üçün nəzərdə tutulmuşdu. Şuranın son iclası 2022-ci ilin yanvarında keçirilib.
Üçüncü ssenari yeni ümumavropa təhlükəsizlik müqaviləsinin imzalanmasını əhatə edir. Belə bir sənədin Finlandiya və İsveçin NATO-ya üzvlüyü, Ukraynanın Avropa İttifaqına qoşulmaq istəyi və süni intellektlə əlaqəli yeni hərbi təhdidləri nəzərə alması təklif olunur.
Dördüncü variant Avropa İttifaqı ilə Rusiya arasında yeni münasibətlər formatının yaradılmasıdır. Bu çərçivədə Brüssel ticarət, sanksiyalar, viza rejimi və sərhəd nəzarəti kimi vasitələrdən istifadə etməklə münaqişə başa çatdıqdan sonra Moskva ilə əməkdaşlığın bərpasına çalışa bilər.
Beşinci ssenari isə mövcud Avropa təhlükəsizlik sisteminin ciddi dəyişikliklər edilmədən qorunub saxlanılmasıdır. “Politico”nun həmsöhbətləri bu variantı hazırkı şəraitdə ən real ssenari hesab edirlər.
Məqalədə qeyd olunur ki, Avropa ölkələri təhlükəsizlik məsələlərinin onların iştirakı olmadan müzakirə edilməsini, Ukraynanın NATO üzvlüyü ilə bağlı birtərəfli qərarlar qəbul olunmasını və Rusiya-Ukrayna münaqişəsi başa çatmadan yeni razılaşmaların imzalanmasını istəmirlər.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner noyabrın 22-də Vaşinqtonun yaxın həftələrdə Moskva, Kiyev və Avropa dövlətləri ilə qitənin gələcək təhlükəsizlik sistemi barədə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynanın təhlükəsizliyinin təmin olunduğu, Avropanın daha güclü olduğu və Rusiyanın NATO-nun onunla qarşıdurmaya girmək niyyətində olmadığına əminlik duyduğu sistem yaratmağa çalışır. Vaşinqton Ukraynaya NATO müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatlarının verilməsi imkanını da nəzərdən keçirir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Ukraynanın NATO-ya formal və ya məhdud üzvlüyünün belə Moskva üçün qəbuledilməz olduğunu bildirib.
Beləliklə, Avropanın gələcək təhlükəsizlik modelinin necə formalaşacağı Rusiya-Ukrayna münaqişəsinin gedişindən və ABŞ, Rusiya, Avropa ölkələri arasında aparılacaq danışıqlardan asılı olacaq.
19:33 24.11.2026
Oxunuş sayı: 27