BDU-da bu 9 fakültənin dekan vəzifəsinə müsabiqə elan edilib
Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub. Vakansiyalar universitetin müxtəlif fakültələrini əhatə edir. Müsabiqə ilə əlaqədar hazırda həmin vəzifələrdə çalışan şəxslərin kimliyi və akademik fəaliyyəti də diqqət çəkir.
Crossmedia.az xəbər verir ki, müsabiqəyə çıxarılan fakültələrdən biri də Jurnalistika fakültəsidir.
Fakültənin hazırkı dekanı Vüqar Zifəroğlu 1978-ci il oktyabrın 12-də Bakı şəhərində anadan olub. 1995–2001-ci illərdə BDU-nun Beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2005-ci ildə namizədlik, 2017-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru, professordur.

2001-ci ildən BDU-da çalışan Vüqar Zifəroğlu 2010–2017-ci illərdə universitetin “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2017-ci ilin may ayından Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb. 2026-cı il oktyabrın 16-da Azərbaycan jurnalistlərinin IX qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilməsi ilə əlaqədar noyabrın əvvəlində öz xahişi ilə dekan vəzifəsindən istefa verib. Hazırda Jurnalistika fakültəsinin professoru kimi pedaqoji fəaliyyətini davam etdirir.
Tarix fakültəsinin dekanı – İbrahim Zeynalov

İbrahim Xudaverdi oğlu Zeynalov 5 fevral 1954-cü ildə anadan olub. Tarix elmləri doktoru, professordur. BDU-nun Tarix fakültəsində ali təhsil alıb. 1986-cı ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2019-cu ildən BDU-nun Tarix fakültəsinə rəhbərlik edir.
Biologiya fakültəsinin dekanı – Afət Məmmədova

Afət Oktay qızı Məmmədova 1966-cı ildə anadan olub. Biologiya elmləri doktoru, BDU-nun Botanika və bitki fiziologiyası kafedrasının professoru və Əməkdar müəllimdir.
1993-cü ildə “Genetika” ixtisası üzrə namizədlik, 2012-ci ildə isə “Botanika” və “Ekologiya” ixtisasları üzrə doktorluq dissertasiyalarını müdafiə edib. 2004-cü ildə dosent, 2016-cı ildə professor elmi adına layiq görülüb. 2007–2022-ci illərdə BDU-nun Magistratura və Doktorantura şöbəsinin müdiri vəzifəsində çalışıb. 220-dən çox elmi əsərin müəllifidir.
Mexanika-riyaziyyat fakültəsinin dekanı – Ziyatxan Əliyev

Ziyatxan Seyfəddin oğlu Əliyev 8 mart 1965-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olub. Riyaziyyat elmləri doktoru, professordur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib. 1990-cı ildə fizika-riyaziyyat elmləri namizədi, 2012-ci ildə isə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 1986-cı ildə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində başlayıb. 1990-cı ildən BDU-nun Riyazi analiz kafedrasında çalışır. Hazırda həmin kafedranın professoru olmaqla yanaşı, Mexanika-riyaziyyat fakültəsinin dekanıdır. 2022-ci ildən bu vəzifəni icra edir.
Geologiya fakültəsinin dekanı – Mamoy Mansurov

Mamoy İbrahim oğlu Mansurov 10 oktyabr 1962-ci ildə Tovuz rayonunun Kirən kəndində anadan olub. 1989-cu ildə BDU-nun Geoloji-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib və həmin ildən universitetdə əmək fəaliyyətinə başlayıb.
2010-cu ildən BDU-nun Faydalı qazıntılar kafedrasının dosentidir. 2021-ci ilin oktyabrından Geologiya fakültəsinin dekanı vəzifəsini icra edib, 2022-ci ildən isə fakültənin dekanı kimi fəaliyyət göstərir.
Filologiya fakültəsinin dekanı – Elçin Məmmədov

Elçin Hüseyn oğlu Məmmədov filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göydərə kəndində anadan olub. 1991–1996-cı illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1998-ci ildən universitetdə çalışır. 2007-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2016-cı ildən Filologiya fakültəsinin dekanıdır.
Fizika fakültəsinin dekanı – Bəxtiyar Paşayev

Bəxtiyar Gülmalı oğlu Paşayev 1974-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olub. Fizika elmləri doktoru, BDU-nun Fizika fakültəsinin dekanı və Optika və molekulyar fizika kafedrasının dosentidir. Əvvəllər fakültədə dekan müavini vəzifəsində çalışıb.
2003-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 2021-ci ildə isə fizika üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 90-dan çox elmi məqalənin, bir monoqrafiyanın, iki dərs vəsaitinin, bir preprintin və üç fənn proqramının müəllifidir.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı – Rövşən Cavadov

Rövşən Əli oğlu Cavadov 25 fevral 1949-cu ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub. Psixologiya üzrə fəlsəfə doktoru, dosentdir.
1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib. 1975–1978-ci illərdə BDU-nun Psixologiya kafedrasında əyani aspirantura təhsili alıb, 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyətinə riyaziyyat müəllimi kimi başlayan Rövşən Cavadov daha sonra BDU-da müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 1992–2006-cı illərdə Sosial elmlər və psixologiya fakültəsinin ilk dekan müavini olub. Altıdan çox dərslik və dərs vəsaitinin, 80-ə yaxın elmi məqalə, tezis və fənn proqramının müəllifidir.
İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı – Ələmdar Bayramov

Ələmdar Qənbər oğlu Bayramov filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1997–2001-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində bakalavr, 2001–2003-cü illərdə isə magistratura təhsili alıb. 2012-ci ildə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2022-ci ildən İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır.
Qeyd edək ki, BDU-da dekan vəzifələri üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun qəbul ediləcək. Sənədlərin qəbulu noyabrın 24-dən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında aparılacaq.(Azedu.az)
20:41 24.11.2026
Oxunuş sayı: 40