ABŞ və Çin arasında gizli razılaşma: "NVIDIA əhvalı" sona çatır
ABŞ və Çin arasında texnoloji rəqabət son dövrlərdə yalnız iqtisadi və kommersiya müstəvisində deyil, həm də diplomatik münasibətlərin əsas istiqamətlərindən biri kimi ön plana çıxır. ABŞ Prezidenti Donald Trampın NVIDIA şirkətinin rəhbəri Censen Huangla bağlı məsələyə xüsusi diqqət yetirməsi, şirkətin direktorlar şurası ilə birbaşa və vasitəçilər üzərindən danışıqlar apardığını açıqlaması bu baxımdan diqqətçəkən məqamdır. Xüsusilə Trampın Huang məsələsini Çin Prezidenti Si Cinpinlə müzakirə etməsi texnologiya sektorunun artıq dövlətlərarası münasibətlərdə nə dərəcədə mühüm rol oynadığını göstərir.
Nəzərə alsaq ki, NVIDIA süni intellekt və yarımkeçirici texnologiyalar sahəsində qlobal rəqabətin əsas iştirakçılarındandır, şirkətin rəhbəri ətrafında baş verənlər daha geniş geosiyasi maraqlarla əlaqələndirilir. Bu kontekstdə NVIDIA-nın ABŞ-Çin texnoloji qarşıdurmasında xüsusi geosiyasi aktora çevrildiyini söyləmək olarmı? Censen Huangla bağlı məsələnin gələcək inkişafı necə olacaq və bu proses iki ölkə arasındakı texnoloji rəqabətə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əliyev qeyd edib ki, NVIDIA rəhbəri Censen Huangla bağlı məsələnin həlli ilk baxışda şirkətdaxili mübahisəyə son qoymuş kimi görünsə də, əslində bu hadisə daha geniş geosiyasi məzmun daşıyır: “Belə ki, ayın 12-də baş verən məlum hadisədən sonra şirkətin idarə heyəti onun vəzifəsinə qayıtmasını rədd etmişdi. Lakin ABŞ Prezidenti Donald Trampın Şençjendə Çin lideri Si Cinpinlə görüşündən sonra verdiyi açıqlama vəziyyəti dəyişdi. Tramp Çin tərəfini razı saldığını və müəyyən razılaşma əldə etdiyini bildirdi. Bundan sonra NVIDIA-nın idarə heyəti Huangın vəzifəsinə qayıtmasına razılıq verdi. Burada diqqətçəkən məqam Trampın Si Cinpinlə görüşündə məhz NVIDIA rəhbərinin məsələsini müzakirə etməsidir. ABŞ-də hesab edirlər ki, Huang yüksək intellektual və texnoloji potensiala malik şəxsdir. Onun NVIDIA-dan ayrılaraq Çində, məsələn, Huawei-də rəhbər vəzifəyə gəlməsi ABŞ-nin texnoloji maraqları baxımından arzuolunan deyil. Başqa sözlə, Vaşinqton hesab edir ki, Huangın itirilməsi Çin texnologiya sektorunun, xüsusilə də süni intellekt və yarımkeçiricilər sahəsinin mövqelərini gücləndirə bilər. Bu hadisə bir daha göstərir ki, NVIDIA artıq yalnız kommersiya fəaliyyəti ilə məşğul olan texnologiya şirkəti deyil, həm də geosiyasi proseslərin mühüm iştirakçısına çevrilib. Çünki ABŞ-nin Çinə qabaqcıl çiplərin satışına icazə verməsi, eləcə də Alibaba, Tencent və Baidu kimi şirkətlərin texnoloji imkanları ətrafında yaranan müzakirələr yarımkeçirici texnologiyaların artıq ABŞ xarici siyasətinin alətlərindən birinə çevrildiyini göstərir. Bu baxımdan Huangın məsələsi də sıradan biznes mübahisəsi deyil, daha çox diplomatik danışıqların predmetinə çevrilmişdi”.

Ekspert qeyd edib ki, bununla belə, Huangın NVIDIA-ya qayıtması onun əvvəlki fəaliyyət sərbəstliyini tam qoruyacağı anlamına gəlmir: “ABŞ hökumətinin şirkətin Çin siyasətinə və texnologiya ixracına nəzarəti davam edir. Beləliklə, Huang vəzifəsinə qayıtsa da, NVIDIA-nın Çin strategiyasının müəyyənləşdirilməsində dövlət maraqlarının təsiri daha da arta bilər. Digər tərəfdən, NVIDIA rəhbərinin şirkətdən ayrılması ABŞ-nin Çin bazarı ilə bağlı texnoloji və iqtisadi maraqlarına da təsir göstərə bilərdi. Çünki Vaşinqton üçün təkcə qabaqcıl çiplərin ixracına nəzarət deyil, həm də Çin bazarında texnoloji rəqabətin hansı istiqamətdə inkişaf edəcəyi mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Huangın məsələsi ABŞ-Çin münasibətlərində biznes, texnologiya və diplomatiyanın necə bir-biri ilə sıx bağlı olduğunu nümayiş etdirən nümunələrdən biri kimi qiymətləndirilə bilər”.
Ayhan
20:35 24.11.2026
Oxunuş sayı: 43