Lukaşenko Putinin iştirakı ilə üçtərəfli görüş təklif edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Moskvaya gedərək Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu bildirib. O, belə bir görüşdə Zelenskinin təhlükəsizliyinə şəxsən zəmanət verə biləcəyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Lukaşenko bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.
Belarus lideri qeyd edib ki, Putin daha əvvəl Zelenskini Moskvaya dəvət etsə də, mövcud şəraitdə bu təklif Ukrayna tərəfi üçün qəbuledilməz görünə bilər.
Lukaşenko alternativ variant təklif edərək Zelenski ilə birlikdə Rusiyanın paytaxtına uçmağa hazır olduğunu bildirib.
“Biz Volodya Zelenski ilə birlikdə təyyarəyə minib Moskvaya uça bilərik. Mən onun təhlükəsizliyinin təminatçısı kimi onunla birlikdə gedə bilərəm”, – deyə Belarus Prezidenti bildirib.
O, belə bir danışıqlar formatının müharibənin başa çatdırılması və gələcək münasibətlərin müəyyənləşdirilməsi baxımından nəticə verə biləcəyini düşünür.
Lukaşenkonun sözlərinə görə, üç ölkə – Rusiya, Ukrayna və Belarus gələcəkdə regionun taleyinin müəyyənləşdirilməsində əsas rol oynamalıdır.
Jurnalistin Zelenskinin belə bir görüşə razılaşmayacağı ilə bağlı fikrinə cavab verən Lukaşenko isə Ukrayna liderinə sərt münasibət bildirib:
“Razılaşmasa, qoy müharibə etsin. Özü avtomatla cəbhəyə getsin və vuruşsun. Müharibə gedir, onu dayandırmaq lazımdır və biz razılığa gələ bilərdik”.
Qeyd edək ki, Lukaşenkonun müsahibəsi noyabrın 17-də baş tutub. “Le Point” jurnalında müsahibənin tam versiyasının noyabrın 25-də dərc olunacağı bildirilib.
21:53 24.11.2026
Oxunuş sayı: 29