Conson NATO qoşunlarının Ukraynaya dərhal göndərilməsini tələb edib
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson NATO ölkələrinin hərbçilərindən ibarət “İstəkli ölkələr koalisiyası” qüvvələrinin Ukraynaya dərhal göndərilməsini təklif edib. Onun fikrincə, hərbçilər ölkənin arxa cəbhəsində logistika və yardımçı vəzifələri yerinə yetirə bilərlər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Conson bildirib ki, NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi məsələsi Rusiyanın qərar verəcəyi məsələ deyil. Onun sözlərinə görə, belə bir addım Rusiya Prezidenti Vladimir Putinə Ukraynanın gələcəkdə hərbi alyansa üzvlüyü ilə bağlı aydın mesaj verə bilər.
Keçmiş baş nazir hesab edir ki, Ukraynanın bəzi əraziləri hərbi kontingentin yerləşdirilməsi üçün təhlükəsizdir və həmin bölgələrdə logistika və digər dəstək fəaliyyətləri həyata keçirilə bilər.
O, “İstəkli ölkələr koalisiyası”na daxil olan dövlətlərin hərbçilərinin Ukraynanın arxa cəbhəsində yerləşdirilməsinin ciddi təhlükə yaratmayacağını iddia edib. Consonun fikrincə, belə qüvvələrin mövcudluğu həm də simvolik əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl xarici hərbi qüvvələrin Ukrayna ərazisində yerləşdirilməsinin Moskva üçün qəbuledilməz olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Ukraynada yerləşdiriləcək xarici hərbçilərin Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəyini bəyan edib.
22:47 24.11.2026
Oxunuş sayı: 38