Bolqarıstan və Macarıstan sanksiya ilə üzləşə bilər – Aİ-dən xəbərdarlıq
Avropa Komissiyası 13 üzv ölkənin büdcə intizamı ilə bağlı problemlər yaşadığını açıqlayıb. Bolqarıstan və Macarıstanın maliyyə qaydalarına əməl etməməsi səbəbindən onlara qarşı prosedurların sərtləşdirilməsi təklif olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının 2027-ci il üzrə Avropa Semestrinin payız paketi ilə bağlı açıqlamasında bildirilib.
Məlumata görə, Almaniya, Çexiya, Finlandiya və Rumıniyanın dövlət xərclərinin artım sürəti ilə bağlı Avropa İttifaqının müəyyən etdiyi qaydalara əməl etməmək riski var.
Xorvatiya, Lüksemburq, Malta, Niderland, Sloveniya, İspaniya və Litvanın isə büdcə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmaq riski daşıdığı qeyd olunub.
Beləliklə, Avropa Komissiyası ümumilikdə 11 ölkədən 2027-ci il üçün maliyyə siyasətini Aİ qaydalarına uyğunlaşdırmaq məqsədilə zəruri tədbirlər görməyi tələb edib.
Bolqarıstan və Macarıstanla bağlı vəziyyət isə daha ciddi qiymətləndirilib. Komissiya bu ölkələrin həddindən artıq büdcə kəsirinin aradan qaldırılması üçün kifayət qədər tədbir görmədiyini bildirib və müvafiq prosedurların növbəti mərhələyə keçirilməsini tövsiyə edib.
Avropa İttifaqı Şurası bu təklifi təsdiqləyərsə, sözügedən ölkələrə ayrılan Aİ vəsaitlərinin dayandırılması istiqamətində proses başlana bilər.
Sənəddə Almaniya və Litvanın büdcə kəsirinin ÜDM-in 3 faizini keçməsi ehtimalına da toxunulub. Bununla belə, hazırkı mərhələdə həmin ölkələrə qarşı həddindən artıq büdcə kəsiri prosedurunun başlanması məqsədəuyğun hesab edilməyib.
Avropa Komissiyası, həmçinin müdafiə və enerji təhlükəsizliyi xərclərinin artmasının dövlət maliyyəsi üzərində əlavə təzyiq yaratdığını vurğulayıb. Bildirilib ki, 19 Aİ ölkəsinə müdafiə xərclərini artırmaq üçün büdcə qaydaları çərçivəsində müvəqqəti güzəştlər verilib.
Proqnozlara əsasən, Aİ ölkələrinin müdafiə xərclərinin ÜDM-də payı 2021-ci ildəki 1,3 faizdən 2026-cı ildə 1,9 faizə, 2027-ci ildə 2,1 faizə, 2028-ci ildə isə 2,2 faizə yüksələcək.
Qeyd edək ki, Avropa Komissiyasının qiymətləndirməsinə əsasən, Bolqarıstan, İtaliya, Macarıstan, Slovakiya və Rumıniyanın iqtisadiyyatları əlavə təhlilə cəlb olunacaq.
22:11 24.11.2026
Oxunuş sayı: 12