Avropa İttifaqında maliyyə vəziyyəti kritik həddə çatıb – Avrokomissar
Avropa İttifaqının dövlət maliyyəsi sahəsində vəziyyət kritik həddə çatıb. İttifaq ölkələrinin borclarına xidmət xərclərinin artması və büdcə kəsirinin genişlənməsi Avropanın maliyyə dayanıqlılığı ilə bağlı narahatlıqları gücləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Avropa Komissiyasının payız Avropa Semestri paketi ilə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının dövlət maliyyəsi arzuolunan istiqamətdə inkişaf etmir və artıq kritik həddə çatıb.
Dombrovskis qeyd edib ki, üzv ölkələrin dövlət borclarına xidmət göstərməsi getdikcə daha baha başa gəlir. Proqnozlara əsasən, avrozonada büdcə kəsirinin ÜDM-ə nisbəti 2025-ci ildəki 3,1 faizdən 2028-ci ildə 3,8 faizə yüksələcək.
Avrokomissar üzv dövlətləri büdcə siyasətində daha ehtiyatlı davranmağa və dövlət maliyyəsinin dayanıqlılığını qorumağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya 2027-ci il üçün 45 milyard avro məbləğində yeni kredit ayrılmasını təklif edib. Dombrovskisin açıqlamasına görə, bu vəsaitin 25 milyard avrosu Ukrayna ordusunun maliyyələşdirilməsinə yönəldiləcək.
Bundan əlavə, Avropanın Ukraynaya maliyyə dəstəyini azaltması halında qarşılaşa biləcəyi böyük xərclərlə bağlı da qiymətləndirmələr səsləndirilib.
22:40 24.11.2026
Oxunuş sayı: 28