Rusiya səfirliyindən Britaniyanın hücum iddialarına cavab
Rusiyanın Londondakı səfirliyi Moskvanın Böyük Britaniyaya hücum etmək niyyətində olması ilə bağlı Britaniya əks-kəşfiyyat xidməti MI5-in açıqlamasını təkzib edib.
Crossmedia.az xəbər verir ki, diplomatik nümayəndəlik bu barədə bəyanat yayıb.
“Rusiyanın Böyük Britaniyaya hücum etmək üçün nə planı, nə səbəbi, nə də niyyəti var”, – deyə səfirliyin açıqlamasında bildirilib.
Qeyd edək ki, noyabrın 24-də Bloomberg agentliyi MI5 və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya tərəfindən Avropanın müdafiə obyektlərinə qarşı təxribat cəhdlərinin artması ilə bağlı xəbərdarlıq yaydığını bildirib.
Məlumata görə, Ukrayna üçün silah istehsal edən Britaniya müdafiə sənayesi müəssisələrinin rəhbərlərinə mümkün yanğın və təxribat əməliyyatları təhlükəsi barədə xəbərdarlıq edilib.
MI5 müdafiə şirkətlərinə təhlükəsizlik tədbirlərini gücləndirməyi, o cümlədən müəssisələr, istehsal olunan məhsullar, əməliyyatlar və əməkdaşlar haqqında açıq mənbələrdəki məlumatları məhdudlaşdırmağı tövsiyə edib.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya rəsmiləri əhalini Rusiya ilə mümkün müharibəyə hazırlaşmağa çağırmışdılar.
23:17 24.11.2026
Oxunuş sayı: 26