Hörmüz boğazından bir həftədə 108 milyon bareldən çox neft daşınıb
Hörmüz boğazında gərginlik və kommersiya gəmilərinə hücum təhlükəsi davam etsə də, bölgədən neft daşımalarının həcmi artmaqda davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri CBS News-a açıqlama veriblər.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokinsin məlumatına görə, ötən həftə Körfəz ölkələrinin ABŞ-nin mühafizəsi altında olan gəmiləri vasitəsilə Hörmüz boğazından 108 milyon bareldən çox xam neft daşınıb. Bu, münaqişənin fevral ayında başlamasından bəri qeydə alınan ən yüksək həftəlik göstəricidir.
ABŞ rəsmisinin sözlərinə görə, aprelin 7-də atəşkəs elan edildikdən sonra boğazdan 8 mindən çox kommersiya gəmisi keçib. Onların təxminən yarısı ABŞ-nin mühafizəsi altında hərəkət edib.
Rəsmi bildirib ki, gəmilərin 95 faizindən çoxu boğazdan hər hansı insidentlə qarşılaşmadan keçə bilir.
Bununla belə, tanker hücumlarının sayı artmaqda davam edir. Məlumata görə, oktyabr ayında boğazdan keçməyə çalışan tankerlərə hücumların sayı ən yüksək həddə çatıb. Noyabr ayında isə bu göstəricinin daha da artacağı gözlənilir.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji təchizatının əsas marşrutlarından biridir. Bölgədəki təhlükəsizlik vəziyyəti beynəlxalq neft bazarına və enerji daşımalarına birbaşa təsir göstərir.
23:47 24.11.2026
Oxunuş sayı: 47