ABŞ-İran qarşıdurmasında YENİ TƏHLÜKƏ: Seçkilərdən sonra müharibə alovlana bilər!
Amerika Birləşmiş Ştatları ilə İran arasında uzun müddətdir davam edən geosiyasi qarşıdurma hazırda yeni mərhələdə səngimir. Qlobal enerji təhlükəsizliyinin əsas damarlarından olan və İranın de-fakto nəzarətində saxladığı Hörmüz boğazı ətrafındakı böhran hər iki tərəfdən sərt addımların atılmasına səbəb olur. Vaşinqton tərəfindən sanksiyaların artırılması və İrana qarşı müxtəlif təzyiq mexanizmlərinin işə salınması fonunda Tehran da bütün mümkün vasitələrlə müqavimət göstərməkdədir. Xüsusilə tərəflərin diplomatik masada güzəştlərdən imtina edərək hərbi və iqtisadi təzyiqləri üstün tutması bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, Birləşmiş Ştatlar İrana qarşı məhdud hərbi zərbələr və sanksiyalar vasitəsilə təzyiq göstərməyə çalışsa da, İran heç bir halda geri çəkilməyəcəyini nümayiş etdirir:
"Təbii ki, hazırda Birləşmiş Ştatlar üçün prioritet aralıq seçkiləridir və aralıq seçkiləri ərəfəsində İrana qarşı hücum Birləşmiş Ştatlar hökuməti üçün əlavə problemlər yarada bilər. Digər tərəfdən, respublikaçılar arasında da İrana qarşı müharibənin davam etdirilməsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Respublikaçı konqresmenlər və eyni zamanda hökumət üzvləri tərəfindən Trampa qarşı təzyiq edilir ki, İrana qarşı müharibə başa çatsın və Birləşmiş Ştatlar bu prosesdə ümumiyyətlə iştirak etməsin".
Ə.Zülfüqaroğlu vurğulayıb ki, əks fikirdə olan qüvvələrin də mövcudluğu fonunda aralıq seçkilərinin nəticələri iki ölkə arasındakı münasibətlərin taleyini müəyyən edəcək:
"Təbii ki, əks fikirdə olanlar da var, ona görə də aralıq seçkilərinin nəticəsi İran-Amerika Birləşmiş Ştatlar münasibətlərinin perspektivlərini müəyyən edəcək. Birləşmiş Ştatların əlavə dəniz qüvvələrini bölgəyə göndərməsi və hərbçilərin sayını artırması o deməkdir ki, eskalasiya riskləri yenə də qalır. Seçkilərdən sonra Birləşmiş Ştatlarla İran arasında hərbi toqquşma riskləri yenə də baş verə bilər. Bu baxımdan, hər tərəf danışıqlar prosesi ilə bağlı addımlar atsa da, bütövlükdə qarşıdurma riskləri də nəzərdən qaçırılmır və buna qarşı da ehtiyat tədbirləri görürlər. Hesab edirəm ki, İranın yanaşması da məhz bununla bağlıdır".
Fatimə Cabbarlı
15:00 10.10.2026
Oxunuş sayı: 185