Hindistanda 1998-ci ildə törədilən qətlin üstü 26 il sonra açılıb
Hindistanda 1998-ci ildə qonşusunu öldürərək hadisəni yol qəzası kimi qələmə verən 62 yaşlı Vişvanat Sinqh 26 ildən sonra həbs edilib.
Crossmedia.az xəbər verir ki, “The Times of India” nəşrinin məlumatına görə, şübhəli şəxs oktyabrın 30-da Dehlidə saxlanılıb.
İstintaq materiallarına əsasən, hadisə 1998-ci il oktyabrın 20-də baş verib. Həmin gün 24 yaşlı Cey Prakaş ağır xəsarətlərlə huşsuz vəziyyətdə tapılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlk vaxtlar hadisə yol-nəqliyyat qəzası kimi qiymətləndirilsə də, sonrakı araşdırmalar Prakaşa qarşı hücumun əvvəlcədən planlaşdırıldığını üzə çıxarıb.
Məlum olub ki, Sinqh qonşusunun başına çəkiclə zərbə endirib, daha sonra isə hadisəni yol qəzası kimi göstərməyə çalışıb. Qətlin motivinin Sinqhin Prakaşın həyat yoldaşı ilə münasibətdə olmasından şübhələnməsi olduğu bildirilir.
2001-ci ilin sonunda axtarışa verilən Sinqhi uzun müddət tapmaq mümkün olmayıb. Onun saxlanılması üçün yaradılan əməliyyat qrupu şübhəlinin doğulduğu kənddə və Dehlidə araşdırmalar aparıb. Sinqh qardaşları ilə gizli görüş zamanı müəyyən edilərək həbs olunub.
02:33 04.11.2026
Oxunuş sayı: 40