Britaniyalılar ABŞ-də aralıq seçkilərində demokratların qalib gəlməsini istəyir
Böyük Britaniya vətəndaşlarının əksəriyyəti ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qalib gəlməsini və Konqresə nəzarəti ələ almasını istəyir.
Crossmedia.az xəbər verir ki, “Politico” nəşrinin PF Global şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələrinə görə, britaniyalıların 40 faizi demokratların, 15 faizi isə Respublikaçılar Partiyasının qələbəsini arzulayır.
Sorğuda iştirak edənlərin üçdə biri Respublikaçıların Konqresdə nəzarəti saxlamasının dünya siyasətində xaosu artıracağını düşünür. Respondentlərin yalnız 17 faizi belə bir nəticənin beynəlxalq vəziyyəti daha sabit edəcəyini hesab edir.
Araşdırmaya əsasən, britaniyalıların 55 faizi Donald Trampın prezidentliyinin Böyük Britaniya üçün mənfi nəticələr verdiyini düşünür. Respondentlərin 17 faizi isə onun prezidentliyini müsbət qiymətləndirir.
Trampın müttəfiqi Naycel Farajın rəhbərlik etdiyi “Reform UK” partiyasının tərəfdarları arasında da maraqlı nəticələr qeydə alınıb. Onların 27 faizi Respublikaçıların, 21 faizi isə demokratların qələbəsini istəyir.
Sorğu Böyük Britaniya vətəndaşlarının ABŞ-ni etibarlı müttəfiq hesab etmək səviyyəsinin də aşağı düşdüyünü göstərib. Belə ki, respondentlərin yalnız 35 faizi ABŞ-yə etibarlı tərəfdaş kimi yanaşır. Bu göstərici Avstraliya üçün 66, Kanada üçün 65, Almaniya üçün 54, Avropa İttifaqı üçün 53, Fransa üçün isə 50 faiz təşkil edib.
Bununla yanaşı, britaniyalıların 54 faizi ölkələrinin Avropa İttifaqı ilə münasibətləri gücləndirməsinə üstünlük verir. Müqayisə üçün, respondentlərin 46 faizi Birlik ölkələri ilə, 29 faizi isə ABŞ ilə əlaqələrin prioritet olmasını istəyir.
PF Global şirkətinin sorğu üzrə rəhbəri Seb Vrayd bildirib ki, Donald Tramp transatlantik münasibətləri sürətlə dəyişib və britaniyalılar ənənəvi müttəfiqlərini əvvəlki qədər etibarlı hesab etmirlər. Onun sözlərinə görə, bu vəziyyət Böyük Britaniyanı alternativ tərəfdaşlıqlar axtarmağa sövq edir.
Qeyd edək ki, sorğu 28 oktyabr – 2 noyabr tarixlərində Böyük Britaniyanın 2038 vətəndaşı arasında keçirilib. Araşdırmada iştirak edənlərin yalnız 22 faizi ABŞ-dəki aralıq seçkilər barədə ətraflı məlumatlı olduğunu bildirib.
20:31 03.11.2026
Oxunuş sayı: 61