Süni intellekt media qurumlarının hüquqlarını pozur
Avropa İttifaqı Ədalət Məhkəməsinin baş vəkili Maciej Szpunar süni intellekt əsaslı çatbotların xəbər materiallarından istifadə etməsinin müəyyən hallarda media qurumlarının hüquqlarını poza biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Szpunar Macarıstanda fəaliyyət göstərən Like Company şirkəti ilə Google arasında davam edən məhkəmə işi üzrə hüquqi rəyini açıqlayıb.
Baş vəkil Avropa İttifaqı Ədalət Məhkəməsinə təqdim olunan generativ süni intellektlə bağlı ilk iş üzrə mövqeyində qeyd edib ki, süni intellekt çatbotlarının internetdə yayımlanan xəbərlərdən istifadə edərək istifadəçilərin suallarına cavab hazırlaması müəyyən hallarda nəşriyyatçıların hüquqlarının pozulmasına səbəb ola bilər.
Szpunarın sözlərinə görə, süni intellekt xəbər materialında yer alan faktları istifadə edə bilər. Lakin xəbərin orijinal mətnini və ifadə formasını oxucunun ilkin mənbəyə müraciət etməsinə ehtiyac qalmayacaq dərəcədə yenidən təqdim etməsi media qurumlarının hüquqlarına zidd ola bilər.
O bildirib ki, media nəşriyyatçılarına verilən hüquqi müdafiə xəbərlərdə əks olunan faktları deyil, materialların orijinal ifadə və təqdimat formasını əhatə edir. Bu müdafiənin məqsədi xəbərlər üzərində inhisar yaratmaq deyil, onların hazırlanmasına qoyulan investisiyanı qorumaqdır.
Qeyd edək ki, internet xəbər saytlarını idarə edən Macarıstanın Like Company şirkəti Google-a qarşı iddia qaldırıb. Şirkət xəbər materiallarının Google-un Gemini adlı süni intellekt sisteminin təlimində və istifadəçilərə təqdim olunan cavablarda icazəsiz istifadə edildiyini iddia edib.
İşə baxan Macarıstan məhkəməsi müvafiq Avropa İttifaqı qanunvericiliyinin necə tətbiq edilməli olduğu ilə bağlı Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət edib.
Baş vəkilin açıqladığı hüquqi rəy məhkəmə üçün məcburi xarakter daşımır. Məhkəmənin iş üzrə yekun qərarını daha sonra açıqlaması gözlənilir.
19:44 03.11.2026
Oxunuş sayı: 60