İspaniyada futbolçu oyun zamanı aldığı xəsarətdən ölüb
İspaniyanın “Tenerife” klubunun 30 yaşlı futbolçusu Xesus de Migel oyun zamanı rəqib qapıçı ilə toqquşduqdan sonra həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 2-də İspaniyanın ikinci liqasında keçirilən “Tenerife” – “Andorra” qarşılaşmasında baş verib.
Matçın əlavə vaxtında “Andorra”nın qapıçısı Xesus Ovono topu uzaqlaşdırmağa çalışarkən Xesus de Migellə toqquşub. Qapıçının dizi futbolçunun sinəsinə dəyib.
Toqquşmadan sonra huşunu itirərək yerə yıxılan futbolçuya meydanda ilkin tibbi yardım göstərilib. Daha sonra o, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, futbolçunun ürəyi dayanıb, həkimlərin müdaxiləsindən sonra vəziyyəti sabitləşsə də, sonradan nevroloji vəziyyəti ağırlaşıb.
“Tenerife” klubu noyabrın 3-də futbolçunun vəfat etdiyini açıqlayıb.
Hadisə səbəbindən 2:2 hesabı ilə davam edən qarşılaşma yarımçıq dayandırılıb. Rəqib qapıçı isə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
İspaniya Futbol Federasiyası faciə ilə əlaqədar noyabrın 3-nə planlaşdırılan oyunları təxirə salıb.
16:54 03.11.2026
Oxunuş sayı: 72