Türkiyədə yayılan saxta paylaşımların arxasında nə dayanır?
Sosial şəbəkələrdə yayılan hər məlumat həqiqəti əks etdirmir. Xüsusilə dövlət başçısının adından yayılan açıqlamalar, ona aid edilən fikirlər və siyasi məzmunlu paylaşımlar cəmiyyətin informasiya mühitinə birbaşa təsir göstərir. Bəzən hər hansı şəxsin səsləndirmədiyi fikir onun adından təqdim olunur, ayrı-ayrı ifadələr kontekstdən çıxarılaraq yayılır və nəticədə ictimaiyyətin yanlış məlumatlandırılması üçün zəmin yaranır.
Son günlər Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidenti İlham Əliyevin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı bildirilir. Azərbaycan Respublikası Media və Yayım Şurası bununla bağlı açıqlama yayaraq dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsini və rəsmi mövqe kimi təqdim olunmasını dezinformasiya nümunəsi adlandırıb. Şura media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrdən yoxlamağa çağırıb.
Məsələ bir daha göstərir ki, müasir informasiya mühitində dezinformasiya yalnız saxta xəbər başlıqları və uydurma hadisələrlə məhdudlaşmır. Tanınmış şəxslərin, dövlət rəhbərlərinin adından saxta sitatların yayılması da informasiya manipulyasiyasının təsirli üsullarından birinə çevrilib. Belə paylaşımlar xüsusilə iki ölkə arasındakı münasibətlər, regional proseslər və siyasi məsələlərlə bağlı olduqda daha həssas xarakter alır. Çünki yanlış məlumat təkcə bir şəxsin mövqeyini təhrif etmir, həm də ictimai rəyi, qarşılıqlı münasibətləri və informasiya təhlükəsizliyini təsirləndirə bilər.
Digər tərəfdən, sosial şəbəkələrdə məlumatın sürətlə yayılması onun doğruluğunun yoxlanılmasını çox vaxt ikinci plana keçirir. İstifadəçilər bəzən paylaşımın mənbəyinə, ilkin açıqlamanın mövcudluğuna və ya məlumatın rəsmi təsdiqinə diqqət yetirmədən onu yayırlar. Beləliklə, təkcə saxta məlumatı hazırlayanlar deyil, onu yoxlamadan paylaşanlar da dezinformasiyanın geniş auditoriyaya çatmasına şərait yaradırlar.
Mövzunu media və informasiya təhlükəsizliyi mütəxəssisləri ilə müzakirə etmişik.

Crossmedia.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidenti İlham Əliyevin adından saxta paylaşımların edilməsi, yaxud, əvvəlki çıxışların kontektən çıxraılaraq yeni açıqlamalar kimi təqdim edilməsi, ölkəmizdə haqlı narahatlıq doğurur:
“Bəzi ənənəvi media resurslarının, o cümlədən, “Milli Gazete”, “Sonsöz” kimi nəşrləri isə sosial medianın bu yanlış hərəkətlərini təkrarlaması, Prezidentin görüntüləri üzərinə əvvəlki çıxışından səs əlavə edilərək hazırlanmış saxta videoları onun rəsmi “TikTok” hesabından paylaşım kimi təqdim etməsi belə qənaət doğurur ki, baş verənlər təsadüfi xarakter daşımır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin Türkiyə mediasında istinad olunan sosial şəbəkə platformalarında ümumiyyətlə rəsmi hesabı yoxdur. Videolarda səslənən fikirlər isə 10 noyabr 2020-ci il tarixli çıxışından götürülüb və tamamilə fərqli kontekstdə səsləndirilib. Bu mənada Azərbaycan tərəfinin buna kəskin reaksiya verməsi, yanlış təqdimatları dezinformasiya kimi qiymətləndirməsi tam haqlıdır.
Belə halların hansı məqsədlərə xidmət etdiyini qiymətləndirərkən ilk növbədə onların informasiya mühitində yaratdığı nəticələrə diqqət yetirmək lazımdır. Prezidentin fikirlərinin təhrif olunaraq Türkiyəyə ünvanlanmış mesaj kimi təqdim edilməsi Azərbaycan-Türkiyə münasibətlərində süni fikir ayrılığı görüntüsü yaratmağa, ictimai rəydə şübhə və narazılıq formalaşdırmağa xidmət edir. Bu, həm də iki ölkə arasında mövcud olan qarşılıqlı etimadı zəiflətməyə hesablanmış informasiya manipulyasiyası təsiri bağışlayır. Sosial şəbəkələrdə yayılan saxta və ya kontekstdən çıxarılmış materialların peşəkar media tərəfindən yoxlanılmadan təkrarlanması normal jurnalist davranışı sayıla bilməz. Media qurumunun vəzifəsi sosial şəbəkədəki iddianı olduğu kimi tirajlamaq deyil, onun həqiqiliyini araşdırmaqdır. Xüsusilə dövlət başçısının adından yayılan açıqlamalar ilkin mənbə, çıxışın tarixi və konteksti üzrə yoxlanılmalıdır”.
Ekspert hesab edir ki, bu cür təxribatçı və manipulyativ cəhdlər öz məqsədinə çata bilməz: “Azərbaycan-Türkiyə münasibətləri möhkəm tarixi, siyasi və mənəvi təməllər üzərində qurulub və ayrı-ayrı saxta paylaşımlarla bu münasibətləri sarsıtmaq mümkün deyil. Eyni zamanda, Azərbaycan mediası belə halları operativ şəkildə araşdırır, ilkin mənbələri üzə çıxarır və yanlış təqdimatları ictimaiyyətə çatdıraraq onların ictimai rəydə möhkəmlənməsinin qarşısını alır. Bu baxımdan, dezinformasiyaya qarşı ən təsirli vasitə faktların vaxtında açıqlanması, peşəkar jurnalistika prinsiplərinə sadiqlik və cəmiyyətin sağlam informasiya mühitinin qorunmasıdır”.

Bakıvaxtı.az xəbər portalının baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Qalib İbrahimoğlu bildirib ki, sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanın dövlət başçısının adından saxta fikirlərin yayılması informasiya müharibəsinin yeni və təhlükəli təzahürlərindən biri kimi qiymətləndirilə bilər:
“Bu cür manipulyasiyalar ictimai rəyi yanlış istiqamətləndirir, eyni zamanda dövlətin siyasi imicinə, cəmiyyətin etimad mühitinə və informasiya təhlükəsizliyinə ciddi zərbə vurur.
Dövlət rəhbərinin adından saxta açıqlamaların yayılmasını təsadüfi informasiya pozuntusu saymıram. Bu, müəyyən hallarda konkret siyasi və strateji məqsədlərə xidmət edən manipulyativ fəaliyyət ola bilər. Bu cür kampaniyalar cəmiyyətdə çaşqınlıq yaratmaq, dövlətin mövqeyini təhrif etmək, ictimai narazılığı artırmaq və müəyyən siyasi proseslərə təsir göstərmək məqsədi güdür.
Bəzən eyni məzmunlu məlumatların qısa müddət ərzində çoxsaylı hesablar tərəfindən bənzər mətnlər və başlıqlarla, eyni həştəqlərdən istifadə ilə paylaşıldığının şahidi oluruq. Bu, koordinasiyalı fəaliyyətin göstəricisi sayıla bilər.
Dezinformasiya ilə mübarizə yalnız dövlət qurumlarının vəzifəsi deyil. Bu məsələdə sosial şəbəkə istifadəçilərinin də üzərinə böyük məsuliyyət düşür.
Bəzən məlumatın həqiqiliyini yoxlamadan, emosional təsir altında paylaşımlara rast gəlinir. Nəticədə o paylaşımı edən də fərqində olmadan dezinformasiya kampaniyasının iştirakçısına çevrilir. Buna görə də hər bir istifadəçi məlumatı paylaşmazdan əvvəl onun mənbəyini, rəsmi təsdiqinin olub-olmadığını araşdırmalıdır. Dövlət başçısının adından yayılan fikirlər isə ilk növbədə rəsmi dövlət kanalları və etibarlı media vasitəsilə yoxlanılmalıdır.
Bu tendensiyanın qarşısını almaq üçün cəmiyyətdə media savadlılığını artırmaq artırmaq lazımdır. İnformasiya savadlılığı yalnız xəbəri oxumaq və anlamaq deyil, eyni zamanda onun mənbəyini, məqsədini və doğruluğunu qiymətləndirmək bacarığıdır. Orta və ali məktəblərdə media savadlılığı üzrə təlimlərin keçirilməsi, fakt yoxlama mexanizmlərinin genişləndirilməsi, jurnalistlərin rəqəmsal manipulyasiyaları tanımaq bacarıqlarının artırılması mühüm əhəmiyyət daşıyır”.
16:15 03.11.2026
Oxunuş sayı: 159