ABŞ NATO-dan Ukrayna üçün əlavə 2 milyard dollar istəyəcək?
ABŞ Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün NATO üzrə müttəfiqlərindən əlavə vəsait ayırmağı tələb etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, Vaşinqton noyabr ayı ərzində NATO ölkələrinə PURL proqramının maliyyələşdirilməsinin artırılması ilə bağlı rəsmi müraciət edə bilər.
Məlumata görə, ABŞ artıq bəzi müttəfiqlərini əlavə maliyyə vəsaitinə ehtiyac yarandığı barədə xəbərdar edib.
Hazırda təsdiqlənmiş silah paketləri üzrə maliyyələşmə çatışmazlığı təxminən 2 milyard dollar təşkil edir. Lakin Vaşinqtonun müttəfiqlərindən konkret nə qədər vəsait istəyəcəyi hələ məlum deyil.
Mənbələr qeyd edirlər ki, ABŞ müttəfiqlərindən ödənişlər tam daxil olmasa da, Ukraynaya silah tədarükünü davam etdirir. Pentaqon əlavə tədarükləri təsdiqləyəcəyi təqdirdə maliyyə çatışmazlığı daha da arta bilər.
Qeyd edək ki, PURL proqramı NATO ölkələri və digər tərəfdaşların vəsaiti hesabına ABŞ istehsalı olan silahların alınaraq Ukraynaya çatdırılmasını nəzərdə tutur.
17:47 03.11.2026
Oxunuş sayı: 71