Qazaxıstanda çevriliş cəhdi - hakimiyyətə gəlmək istəyən qüvvə ifşa olundu
Son dövrlər dünyada geosiyasi gərginliklərin artması, müxtəlif regionlarda baş verən münaqişələr və daxili siyasi qarşıdurmalar beynəlxalq mühitdə qeyri-müəyyənliyi daha da gücləndirir. Avropanın bir sıra ölkələrində hökumətlərin siyasətinə qarşı etiraz aksiyaları genişlənir, müxtəlif dövlətlərdə isə siyasi sabitlik və hakimiyyət məsələləri gündəmə gəlir. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Qazaxıstanda dövlət çevrilişinə hazırlıq cəhdinin qarşısının alınması və 10 nəfərin saxlanılması da diqqət çəkən hadisələrdən birinə çevrilib. Baş verənlər ölkədəki siyasi sabitlik, hakimiyyətin təhlükəsizliyi və mümkün xarici təsirlər ətrafında müzakirələri aktuallaşdırır.
Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, dünyada çevriliş yoxdur: “Dünyada xaotik, beynəlxalq hüquqdan və ümumiyyətlə, hüquq normalarından kənar proseslər baş verir. İstər müharibələr olsun, istərsə də digər məsələlər. Avropa İttifaqının bir çox ölkəsində etiraz aksiyaları böyüyür. Buna çevriliş demək olmaz. Həmin etiraz aksiyalarının səbəbi nədir? Hökumətlərin apardığı siyasət insanları qane etmir. Buna görə də insanlar böyük etiraz aksiyaları keçirirlər. Avropada həmişə sosialyönümlü dövlət modeli və sosial təminat sistemi olub. Amma artıq Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Avropa özünün hərbi və militarist proqramlarına daha çox diqqət ayırır və bu istiqamətdə addımlar atır. Təbii ki, bu zaman insanların sosial problemləri yığılıb qalır, onların həlli arxa plana keçir. İnsanlar da öz hesablarına həyata keçirilən bu siyasətə etiraz edirlər”.

Ş.Ağayev əlavə edib ki, Qazaxıstan dövlətinin və hakimiyyətinin rəsmi mövqeyinə uyğun olmayan, çevriliş cəhdi göstərən insanlar saxlanılır: “Onlar radikal dini qruplaşmalardır. Radikal dini qruplaşmalar Şərq ölkələrinin bəzilərində hakimiyyətə gəldikdən sonra hakimiyyəti mənimsəməyə çalışırlar. Eyni ssenarini Qazaxıstanda da etmək istəyirlər. Lakin bu cəhdlərin üstü açılır. Qazaxıstanda hazırda hər hansı çevrilişin baş verəcəyini gözləmirəm. Çünki Tokayev hakimiyyətin və dövlətin bütün strukturlarını artıq gücləndirib. Yeni konstitusiyadan və yeni seçkilərdən sonra hər bir sahədə özünə sadiq insanları vəzifələrə təyin edir. Bu insanlar Qazaxıstanda hansısa qarşıdurma yaratmağa, yaxud buna cəhd göstərməyə imkan verməzlər. Bu formada qətiyyətlə deyə bilərəm ki, Qazaxıstanda hakimiyyət çevrilişinə cəhd olsa belə, onun uğur qazanacağını düşünmürəm. Tokayevin apardığı daxili siyasəti kənara qoyuram. Onun xarici siyasəti balanslı siyasətdir. Dünyanın güclü dövlətləri, eyni zamanda, qonşu dövlətlər də Tokayevin xarici siyasətini bəyənirlər. Tokayev Qazaxıstan üçün çox vacib olan milli maraqları qoruyan xarici siyasət həyata keçirir. Düşünmürəm ki, Qazaxıstana və Tokayevə düşmən kəsilən, orada çevrilişə cəhd göstərmək istəyən hansısa dövlət var. Yəqin ki, bundan sonra dövlət hakimiyyəti öz gücünü və qüvvəsini daha da artıracaq. Yaxın zamanda Qazaxıstanda hər hansı dövlət çevrilişinin baş verməsini gözləmirəm”.
Ayhan
18:00 03.11.2026
Oxunuş sayı: 71