Tramp: İranda çoxlu sayda insan öldürməli olsaq, edəcəyik
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən genişləndirilməsi ehtimalı ilə bağlı açıqlama verib. O bildirib ki, çoxlu sayda insanın ölümünə səbəb olmaq istəmir, lakin zərurət yaranarsa, Vaşinqton qəti addımlar atacaq.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə ABŞ-də keçirilən aralıq seçkilərdən sonra İranla bağlı mümkün hərbi addımların müzakirə olunduğu bir vaxtda “Fox News” telekanalına müsahibəsində danışıb.
“Baxın, mən çoxlu sayda insanı öldürmək niyyətində deyiləm. Amma bunu etməli olsaq, edəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, ABŞ hərbçiləri gecə saatlarında İranda yeni inşa edilmiş zenit-raket qurğusuna zərbə endiriblər. O qeyd edib ki, Amerika qüvvələri iki aydan artıq müddətdə həmin qurğunun tikintisini izləyib.
ABŞ Prezidenti hücumu genişmiqyaslı müharibənin bərpası kimi qiymətləndirməyib və bunu “kiçik zərbə” adlandırıb.
Bununla yanaşı, ABŞ rəsmisinə istinad edən yerli media bazar ertəsi günü Amerika ordusunun İranın Qeşm adasına “müdafiə xarakterli” zərbələr endirdiyini bildirib.
Tramp İranla qarşıdurmanın Rusiya-Ukrayna müharibəsi və İkinci Dünya müharibəsi kimi ənənəvi müharibələrdən fərqləndiyini vurğulayıb. O iddia edib ki, davam edən müharibə çərçivəsində İranın hərbi-dəniz və hava qüvvələrinə ciddi zərbələr endirildikdən sonra Vaşinqton Tehran üzərində tam üstünlüyə malikdir.
“Biz onları tamamilə istədiyimiz vəziyyətə gətirmişik. Onları məhv edə bilərik və ya daha mərhəmətli davranaraq müharibədə həyatını itirəcək minlərlə insanın sağ qalmasına imkan verə bilərik”, – deyə Tramp bildirib.
ABŞ Prezidentinin bu açıqlamaları aralıq seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyatların mümkünlüyünün müzakirə edildiyi bir vaxta təsadüf edir.
18:40 03.11.2026
Oxunuş sayı: 60