Tramp ilin sonunadək İsrailə ABŞ yardımının dayandırılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ilin sonundan etibarən İsrailə illik 4 milyard dollar həcmində maliyyə yardımının dayandırılacağını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə ABŞ-də keçirilən aralıq seçkiləri günü “Fox News” telekanalının “Fox and Friends” proqramına müsahibəsində danışıb.
ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu barədə razılığa gəldiklərini qeyd edib.
“İsrailə ödəniş məsələsinə gəlincə, Benyamin Netanyahu ilə razılaşmamız var. Biz İsrailə hər il 4 milyard dollar veririk və bir neçə ay əvvəl bu yardımı dayandırmaq barədə razılığa gəlmişik. Artıq razılaşmışıq ki, bu ilin sonundan etibarən İsrailə ödəniş etməyəcəyik. Lakin ehtiyac yaranarsa, onlara kömək edəcəyik”, – deyə Tramp bildirib.
O, İsrailin artıq bu maliyyə yardımına ehtiyac duymadığını vurğulayıb. Trampın sözlərinə görə, ölkə ABŞ istehsalı olan silahları birbaşa satın ala bilər.
“Onlar istədiklərini ala bilərlər. Avropa da eyni şəkildə. Biz dünyanın ən yaxşı silahlarını istehsal edirik”, – deyə ABŞ Prezidenti əlavə edib.
Tramp bildirib ki, İsrailə göstərilən maliyyə dəstəyi ABŞ-də bəzi Demokrat siyasətçilər tərəfindən Respublikaçılara qarşı siyasi müzakirə mövzusuna çevrilir. Onun sözlərinə görə, bu məsələ ətrafında yaranan mübahisələrin qarşısını almaq üçün yardımın dayandırılması barədə qərar verilib.
Qeyd edək ki, ABŞ və İsrail arasında 2016-cı ildə imzalanmış anlaşma memorandumuna əsasən, Vaşinqton 2019–2028-ci maliyyə illəri ərzində İsrailə ümumilikdə 38 milyard dollar hərbi yardım ayırmağı öhdəsinə götürüb. Bu məbləğə hər il 3,3 milyard dollar hərbi maliyyələşdirmə və 500 milyon dollar raketdən müdafiə sistemlərinə dəstək daxildir.
Trampın açıqlamasından sonra İsrail hökumətinin məsələ ilə bağlı rəsmi mövqeyi hələlik açıqlanmayıb. ABŞ Prezidentinin hansı yardım mexanizmlərini nəzərdə tutduğu da dəqiqləşdirilməyib.
18:55 03.11.2026
Oxunuş sayı: 75