Ermənistan 2028-də üzvlük üçün Aİ-ə müraciət edəcək
Ermənistan 2027 və ya 2028-ci ildə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan Brüsseldə Euronews-un təşkil etdiyi “Avropanın gələcəyi” (EU Enlargement Summit) sammitində bildirib.
Paşinyan çıxışı zamanı deyib ki, gələn il və 2028-ci il bu baxımdan real tarixlərdir:
“Gələn il real ola bilər. 2028 də real ola bilər. Biz rəsmi üzvlük müraciəti etmək üçün yekun qərara gətirəcək prosesə artıq başlamışıq.”
O qeyd edib ki, Avropa İttifaqına üzvlük Ermənistan üçün demokratiyanı qorumaq məqsədilə strateji seçimdir. Baş nazir əlavə edib ki, erməni xalqı Brüssel ilə Rusiyanın Avrasiya İqtisadi İttifaqı arasında seçim etməlidir.
Paşinyan eyni zamanda Ermənistanın “növbəti Ukrayna” ola biləcəyi ilə bağlı xəbərdarlıqları rədd edib. O vurğulayıb ki, ölkənin əsas məqsədi müstəqilliyini gücləndirmək və daha inteqrasiya olunmuş dövlətə çevrilməkdir.
Baş nazir qeyd edib ki, Ermənistan artıq Aİ ilə viza liberallaşdırılması danışıqlarını aparır və bu prosesin 2029-cu ilədək başa çatdırılması nəzərdə tutulur.
19:14 03.11.2026
Oxunuş sayı: 71