Təhsil işçiləri üçün “Müəllim tarifi” tətbiq oluna bilər
Müəllimlərin sosial rifahının yaxşılaşdırılması və onların gündəlik xərclərinin azaldılması istiqamətində atılan addımlar təhsil işçilərinə göstərilən diqqətin mühüm göstəricilərindən biridir. Bu istiqamətdə tətbiq olunan yeni güzəştə əsasən, bu gündən etibarən “TəhsilPlus” kartı olan müəllim və digər təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Qərar xüsusilə hər gün işə gedib-gəlmək üçün ictimai nəqliyyatdan istifadə edən təhsil işçilərinin nəqliyyat xərclərinin müəyyən qədər azalmasına imkan yaradacaq. Bəs bu güzəşti müəllimlərin sosial müdafiəsi və peşəyə verilən dəyər baxımından necə qiymətləndirmək olar? Təhsil işçilərinin rifahının daha da yaxşılaşdırılması üçün nəqliyyat güzəştlərindən əlavə, hansı sosial və iqtisadi dəstək mexanizmlərinin tətbiqi məqsədəuyğun olardı?

Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a açıqlama verib:
“Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Mastercard” tərəfindən təqdim olunan TəhsilPlus kartı çərçivəsində təhsil işçilərinə noyabr ayı ərzində metro və avtobuslarda həftəiçi ilk gedişin 1 qəpik edilməsi müsbət və təqdirəlayiq bir addımdır, lakin bu cür təşəbbüslərin müvəqqəti və kampaniya xarakterli olması onların sosial səmərəliliyini məhdudlaşdırır. Müəllimlərin maddi rifahının yaxşılaşdırılması və peşə nüfuzunun artırılması üçün bu güzəştlərin əhatə dairəsi təkcə paytaxtdaxili nəqliyyatla bitməməli, peşə fəaliyyətləri zamanı istifadə edə biləcəkləri digər alışlarda güzəştli şərtlərin təmin edilməsini, daimi internet paketlərini, beynəlxalq elmi bazalara və rəqəmsal kitabxanalara ödənişsiz abunəliyi, eləcə də özəl klinika və sanatoriya xidmətlərini əhatə edəcək şəkildə genişləndirilməlidir. Təhsil işçilərinin gündəlik və peşəkar ehtiyacları davamlı xarakter daşıdığı üçün onlara yönəlmiş dəstək mexanizmləri də bir aylıq marketinq aksiyalarından çıxarılaraq daha geniş sosial tərəfdaşlıq modelləri ilə şaxələndirilməlidir.
Beynəlxalq təcrübə göstərir ki, təhsil işçilərinin sosial müdafiəsi qısamüddətli kampaniyalarla deyil, qanunvericiliklə tənzimlənən daimi paketlərlə həyata keçirilir və bu yanaşmanın ölkəmizdə də institusional sistemə çevrilməsi tamamilə mümkündür. Müvəqqəti keşbeklər əvəzinə, ictimai nəqliyyatda standart gediş haqqının müəyyən hissəsinin dövlət tərəfindən subsidiyalaşdırıldığı daimi "Müəllim tarifi" təsdiq edilə bilər, həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində böyük market şəbəkələrinə müvafiq vergi güzəştləri edilməklə müəllimlərə daimi, hiss olunacaq endirimlərin verilməsi təmin olunar. TəhsilPlus layihəsinin əhatə etdiyi 185 mindən çox təhsil işçisinin rifahı aksiyalardan asılı qalmamalı, Avropadakı sosial abunəlik modelləri və "Kulturpass" analoqları kimi qanunla qorunan, muzey, teatr və digər mədəniyyət ocaqlarına ödənişsiz limiti olan daimi imtiyazlar paketinə çevrilməlidir. Bütün hallarda bu addımı təqdir edir, davamlı olmasını arzu edirəm. Düşünürəm ki, bizim fədakar müəllimlərimiz bütün mümkün imtiyazlara layiqdirlər”.
Ayhan
19:00 03.11.2026
Oxunuş sayı: 71