Qətər ABŞ və İran arasında razılaşmaya ümid edir
Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün imkanların hələ də mövcud olduğunu və diplomatik səylərin davam etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsariyə istinadən bu barədə məlumat yayıb.
Nazirlik rəsmisi bildirib ki, tərəflər arasındakı fikir ayrılıqlarına baxmayaraq, diplomatik həllə nail olmaq mümkündür.
“Biz hələ də razılaşmanın əldə olunması və böhranın davamlı həlli istiqamətində gələcək danışıqlar üçün müsbət mühitin yaradılması imkanına nikbin yanaşırıq”, – deyə əl-Ənsari vurğulayıb.
Onun sözlərinə görə, həm Vaşinqton, həm də Tehran münaqişənin diplomatik yollarla həllinə sadiqlik nümayiş etdirib.
Qətər rəsmisi qeyd edib ki, hər iki tərəf vasitəçilərin təqdim etdiyi təklifləri nəzərdən keçirir və mövcud fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində iş davam etdirilir.
O, Qətər nümayəndə heyətinin Tehran səfərindən qayıtdığını, lakin tərəflərlə təmasların davam etdiyini bildirib.
Qeyd edək ki, diplomatik təşəbbüslərə baxmayaraq, ABŞ və İran arasında yekun razılaşma hələ əldə olunmayıb.
17:09 03.11.2026
Oxunuş sayı: 76