Diş sağlamlığına laqeydlik baha başa gəlir
Diş sağlamlığı insanın ümumi sağlamlığının və həyat keyfiyyətinin mühüm
göstəricilərindən biridir. Dişlər yalnız qidaların çeynənilməsi və həzm
prosesinin normal getməsi üçün deyil, həm də danışıq, üz quruluşu və estetik
görünüş baxımından vacib rol oynayır. Buna baxmayaraq, bir çox insan ağız
boşluğunun sağlamlığına yalnız ağrı, narahatlıq və ya ciddi problem yarandıqdan
sonra diqqət yetirir. Halbuki diş xəstəliklərinin əksəriyyəti ilkin mərhələdə
aşkarlandıqda daha asan və az xərc tələb edən üsullarla müalicə oluna bilər.
Son dövrlər diqqət çəkən məqamlardan biri də dişlərin erkən yaşda itirilməsi
hallarının müşahidə olunmasıdır. Əvvəllər daha çox yaşlı insanlarla
əlaqələndirilən bu problem indi gənclər arasında da narahatlıq doğurur. Bəzi
hallarda kariyesin vaxtında müalicə edilməməsi, diş əti xəstəlikləri, düzgün
olmayan ağız gigiyenası və stomatoloqa müraciətin gecikdirilməsi dişlərin
itirilməsinə qədər gətirib çıxara bilir. Bununla yanaşı, gündəlik qidalanma
vərdişləri, şəkərli və turşulu içkilərin həddindən artıq qəbulu, siqaret və
digər zərərli vərdişlər də ağız boşluğunun sağlamlığına mənfi təsir göstərə
bilər.
Problemin digər tərəfi isə insanların stomatoloji müayinələrə münasibətidir.
Bir çoxları diş həkiminə yalnız ağrı yarandıqda müraciət edir, profilaktik
müayinələrin əhəmiyyətini isə nəzərə almır. Nəticədə ilkin mərhələdə aşkarlana
və müalicə oluna biləcək problemlər daha ciddi fəsadlara çevrilir. Xüsusilə
gənc yaşlarda diş itkisi yalnız sağlamlıq problemi deyil, həm də insanın
psixoloji vəziyyətinə, özünəinamına, sosial münasibətlərinə və maddi
vəziyyətinə təsir edən amildir.
Dişlərin erkən itirilməsinin qarşısını almaq üçün düzgün qulluq
vərdişlərinin formalaşdırılması, balanslı qidalanma və müntəzəm stomatoloji
müayinələr mühüm əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlamasında diş həkimi Rahib Qurbanov bildirib ki, pasiyentlər
hər altı aydan bir stomatoloqa müraciət etməlidirlər:
“Bu zaman ağız boşluğu müayinə olunur, kariyes və digər problemlər aşkar
edilir. Əgər kariyes ilkin mərhələdədirsə, vaxtında müdaxilə edilərək çürümüş
hissə təmizlənir və diş plomb edilir. Bu, stomatoloji xidmətin əsas
istiqamətlərindən biridir.
Həkim müayinəsindən sonra ağız boşluğunda hər hansı problemin
olub-olmadığını dəqiq müəyyənləşdirmək mümkündür. Müasir dövrdə bunun üçün
xüsusi kameralar və digər texnoloji vasitələrdən də istifadə olunur. Bu
vasitələr ağız boşluğundakı problemləri daha aydın görməyə imkan verir.
Digər mühüm amil isə pasiyentlərin səhlənkarlığıdır. Bəzi insanlar həkimə
müraciət etməyi uzun müddət təxirə salır və yalnız problem son həddə çatdıqda
stomatoloqa üz tuturlar. Bu da dişlərin vəziyyətinin daha da pisləşməsinə səbəb
olur. Belə halların yaranmasında ağız boşluğuna qulluğun zəif olması da mühüm
rol oynayır.
Bununla yanaşı, elə pasiyentlər də var ki, mütəmadi olaraq həkim
müayinəsindən keçsələr də, dişlərində daha çox problemlə qarşılaşırlar. Buna
səbəb kimi qidalanma ilə bağlı çatışmazlıqları, o cümlədən orqanizmdə kalsium,
maqnezium və dəmir çatışmazlığını göstərmək olar. Bu kimi hallar diş minasının
zəifləməsinə, dişlərin qırılmasına və çürümə hallarının artmasına gətirib
çıxara bilər.
Bu problemlərə daha çox qadınlarda rast gəlindiyini düşünürəm. Bunun səbəblərindən
biri hamiləlik dövrü ilə əlaqələndirilir. Hamiləlik zamanı ana orqanizmində baş
verən dəyişikliklər, qida maddələrinə tələbatın artması diş sağlamlığına da
təsir göstərə bilər.
Diş sağlamlığının qorunmasında düzgün qidalanma da mühüm əhəmiyyət daşıyır. Kalsiumla zəngin qidalara, məsələn, yumurta, keşniş, şüyüd, yaşıl alma və süd məhsullarına, o cümlədən qatıq və pendirə üstünlük vermək faydalıdır”.
Məhəbbət Tərlanoğlu
21:00 03.11.2026
Oxunuş sayı: 65