Tallində kommunizm muzeyinin ekspozisiyasının üçdə biri ixtisar edilib
Estoniyanın paytaxtı Tallində keçmiş Patarei həbsxanasında açılması planlaşdırılan “Kommunizm Cinayətləri Muzeyi” maliyyə çatışmazlığı səbəbindən ciddi problemlə üzləşib. Büdcənin azaldılması nəticəsində ekspozisiyanın təxminən üçdə biri ixtisar olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “ERR” telekanalı məlumat yayıb.
Maliyyə çatışmazlığı səbəbindən ekspozisiyadan audiobələdçi, bütöv bir tematik bölmə, eləcə də bir sıra sərgi elementləri və texniki həllər çıxarılıb. Muzeyə kuratorluq edən Estoniya Yaddaş İnstitutunun tarixçisi Martin Andrellerin sözlərinə görə, planlaşdırılan məzmunun təxminən 35 faizi tender elan edilənədək layihədən çıxarılıb.
Tarixçi bildirib ki, hazırda xeyli ixtisar edilmiş ekspozisiya əvvəlcədən nəzərdə tutulan bütöv konsepsiyanı əks etdirmir.
Onun sözlərinə görə, sərginin tam hazırlanması üçün işçi heyətinin əməkhaqqı xərcləri nəzərə alınmadan əlavə 500 min avro tələb olunur. Muzeyin ekspozisiyasını tamamlamaq üçün ümumilikdə 2,4 milyon avro vəsait istənilib.
Andreller ixtisar edilmiş ekspozisiyanın iyunun ortalarınadək hazır olacağını bildirib. Lakin gələn il üçün büdcənin müəyyənləşdirilməməsi muzeyin fəaliyyətini planlaşdırmağı çətinləşdirir. Bu vəziyyət işçilərin işə götürülməsi, reklam və maarifləndirici proqramların təşkili imkanlarını da məhdudlaşdırır.
Estoniyanın Ədliyyə və Rəqəmsal İnkişaf Nazirliyi də muzeyin cari saxlanma xərclərini qarşılamaq üçün vəsaitin olmadığını etiraf edib. Nazirlik maliyyələşməni layihə prinsipi ilə həyata keçirməyi planlaşdırır. Dəqiq məbləğin isə dövlət büdcəsi qəbul edildikdən sonra məlum olacağı bildirilib.
23:57 03.11.2026
Oxunuş sayı: 37