Rusiya Norveçə etirazını bildirib
Rusiya Xarici İşlər Nazirliyi Norveçin Moskvadakı müvəqqəti işlər vəkilini çağıraraq ölkədə Rusiya əmlakına qoyulan həbslərlə bağlı etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Norveçin Moskvadakı müvəqqəti işlər vəkili Byörn Svenunqsenə Ukrayna şirkətlərinin müraciətləri əsasında Rusiyaya məxsus daşınar və daşınmaz əmlakın həbsdə saxlanılması ilə əlaqədar qəti etiraz təqdim olunub.
Rusiya XİN ölkənin Norveçdəki əmlakına qoyulan həbslərin götürülməsi istiqamətində səylərini davam etdirəcəyini açıqlayıb. Nazirlik, həmçinin Oslodan beynəlxalq hüquqa, o cümlədən Şpitsbergen müqaviləsinin müddəalarına riayət etməyi tələb edib.
Görüş zamanı “Professor Molçanov” gəmisinin qış mövsümündə Norveçdə dayanmasının mümkün nəticələri də diqqətə çatdırılıb. Rusiya tərəfinin bildirdiyinə görə, gəmi Arktikanın sərt iqlim və hava şəraitində istismar üçün nəzərdə tutulmadığından onun qışda burada qalması ətraf mühit üçün təhlükə yarada və texniki vəziyyətinə zərər vura bilər.
23:38 03.11.2026
Oxunuş sayı: 53