Ermənistanın Rusiya ilə münasibətlərin dərinləşdirilməsi nəzərdə tutulur
Ermənistanın yeni hökumət proqramı layihəsində Rusiya ilə münasibətlərin transformasiyası və dərinləşdirilməsi istiqaməti yer alıb.
Crossmedia.az ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Sənəd Ermənistan hökumətinin rəsmi saytında dərc olunub və yaxın günlərdə Baş nazir Nikol Paşinyan tərəfindən parlamentdə təqdim ediləcək.
Proqramda qeyd olunur ki, Ermənistan hakimiyyəti Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş dialoqu davam etdirəcək. Bu əməkdaşlığın müxtəlif sahələri əhatə edəcəyi bildirilir.
Sənəddə vurğulanır ki, Ermənistan-Rusiya münasibətləri regionda sülhün bərqərar olması şəraitində balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət çərçivəsində inkişaf etdiriləcək.
Həmçinin proqramda Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Ermənistanın Aİİ daxilində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin etmək üçün fəaliyyətini davam etdirəcəyi qeyd olunur.
20:27 19.08.2026
Oxunuş sayı: 51