CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Fatih Birol

15:21 02.10.2026

Enerji böhranı dərinləşir: Dizel qiymətləri iki dəfə artıb

46

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib ki, ABŞ/İsrail-İran müharibəsindən sonra qlobal enerji bazarlarında yeni mərhələ başlayıb və xüsusilə dizelin bahalaşması dünya iqtisadiyyatı üçün ciddi risk yaradır. Crossmedia.az xəbər verir ki, Birol bu barədə Oksijen qəzetinin COP31 çərçivəsində, Koç Holding-in əsas sponsorluğu ilə təşkil etdiyi “İqlimdən kənarda: Antalyaya doğru” tədbirində çıxışı zamanı danışıb. Onun sözlərinə görə, hazırda neftin qiyməti təxminən 100 dollar səviyyəsindədir. Birol əsas problemin xam neftdən daha çox neft məhsullarının, xüsusilə dizelin qiymətində olduğunu bildirib. O qeyd edib ki, nəqliyyat və kənd təsərrüfatında istifadə olunan dizelin qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə artıb. “Dizelin qiymətində çox böyük artım var. Bu, qısa müddətdə bütün dünyada inflyasiya göstəricilərinə yuxarı istiqamətdə təzyiq göstərəcək”, – deyə Birol bildirib. O, bahalaşmanın səbəbləri sırasında yüksək neft qiymətləri ilə yanaşı, Yaxın Şərqdə bəzi neft emalı zavodlarının zərər görməsini, regiondan dizel ixracının azalmasını və Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyadakı bəzi neft emalı müəssisələrinin sıradan çıxmasını göstərib. Birolun sözlərinə görə, ölkələr mövcud enerji böhranından nəticə çıxararaq yeni enerji tərəfdaşları, daha etibarlı təchizatçılar və yeni texnologiyalar axtarmağa başlayıblar. O bildirib ki, 1973 və 1979-cu illərdəki neft böhranlarından sonra nüvə energetikasının sürətli inkişafı və avtomobil sektorunda enerji səmərəliliyinin yüksəlməsi kimi, indiki böhran da enerji siyasətində yeni dəyişikliklərə səbəb olur. Birol ölkələrin enerjini mümkün qədər daxili imkanlarla istehsal etməyə və iqtisadiyyatı elektrifikasiya istiqamətində inkişaf etdirməyə çalışdıqlarını vurğulayıb. O, COP31-də iqlim hədəflərinin həyata keçirilməsi üçün bazarlara və investorlara güclü siqnallar verilməsinin vacib olduğunu da qeyd edib. Birol bildirib ki, 150-200 ölkənin elektrifikasiya ilə bağlı ortaq hədəfə qoşulması investorlar və şirkətlər üçün mühüm mesaj ola bilər. “İlk dəfədir ki, enerji təhlükəsizliyi, enerji xərcləri və iqlim dəyişikliyi ilə bağlı hədəflər bir araya gəlir”, – deyə o əlavə edib. Çıxışında kritik minerallara da toxunan Birol Çinin bu sahədə böyük üstünlüyə malik olduğunu vurğulayıb. “Əgər İranın əlində bir Hörmüz varsa, Çinin əlində beş Hörmüz var”, – deyə Birol bildirib. Onun sözlərinə görə, Çin nadir torpaq elementlərinin ixracını əhəmiyyətli dərəcədə azaltsa, bu qərar Avropa və ümumilikdə dünya avtomobil sənayesində ciddi dalğalanmalara səbəb ola bilər. Birol qeyd edib ki, kritik minerallar yalnız təmiz enerji texnologiyalarında deyil, müdafiə sənayesi, avtomobil istehsalı, tibb və digər strateji sahələrdə də geniş istifadə olunur.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR