Çarpaz baxış

Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları arasında yer alıb. Bu, ABŞ-nin “U.S. News and World Report” nəşrinin təqdim etdiyi məlumatlarda əksini tapıb.

"ABŞ-nin “U.S. News and World Report” nəşrinin məlumatına əsasən, Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasında 29-cu yerdə qərarlaşıb. Bu, Azərbaycan üçün böyük nailiyyətdir," - deyə Milli Məclisin deputatı Elman Nəsirov Crossmedia.az-a müsahibəsində bildirib.

- Elman müəllim, Azərbaycan Ordusunun 29-cu sırada yer alması hansı güclü cəhətlərini və strateji üstünlüklərini nümayiş etdirir?

- Bu nəticə Azərbaycan Ordusunun hərbi qabiliyyətlərini, texnoloji üstünlüklərini və güclü beynəlxalq əməkdaşlığını nümayiş etdirir. Azərbaycanın bu siyahıda irəliləməsi ölkənin hərbi gücünün və regiondakı təsirinin əhəmiyyətini göstərir. Ordunun texnoloji inkişafı, müntəzəm hərbi təlimlər və Türkiyə ilə sıx əməkdaşlıq kimi amillər Azərbaycanın reytinqdə yüksəlməsinə təsir edib. Həmçinin, müharibə dövründə nümayiş etdirilən yüksək döyüş ruhu və qətiyyət də bu uğurları dəstəkləyib.

- Azərbaycan Ordusu siyahıda Kolumbiya, Kanada və İtaliya kimi ölkələri qabaqlayır. Bu ölkələrlə müqayisədə Azərbaycanın hansı üstünlükləri var?

- Böyük Yeddiliyin (G7 ) üzvü olan ölkələrdən Kanada 32-ci, İtaliya isə 34-cü sırada yer alıb. Cənubi Qafqazın digər ölkələri Ermənistan və Gürcüstan isə ümumiyyətlə siyahıya daxil olmayıb.

Azərbaycan Ordusu hərbi təcrübə və qalibiyyət ruhuna görə fərqlənir. 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və əldə olunan zəfər ordumuzun beynəlxalq nüfuzunu artırıb. Şuşanın azad olunması zamanı göstərilən şücaət, hərb tarixində əlamətdar hadisə olaraq qiymətləndirilir və bu təcrübə ABŞ-ın hərbi məktəblərində tədris olunur. Hətta İsveçrə ordusunu formalaşdırarkən Azərbaycan modelinə üstünlük verəcəyini açıqlayıb. Ordunun inkişafına ayrılan büdcə və Türkiyə ilə intensiv hərbi təlimlər bu gücü daha da möhkəmləndirir. Türkiyə, NATO çərçivəsində ABŞ-dan sonra ikinci güclü orduya malikdir və bu əməkdaşlıq ordumuzun güclənməsinə mühüm töhfə verir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın təhlükəsizliyi və müdafiə qabiliyyətinin artırılması əsas prioritetlərdəndir. 2024-cü il dövlət büdcəsindən müdafiə və təhlükəsizlik məsələlərinə 7,1 milyard manat ayrılıb. Müqayisə üçün qeyd edək ki, Ermənistanda bu rəqəm təxminən 1,4 milyard dollardır. 21 il əvvəl Azərbaycanın hərbi büdcəsi cəmi 135 milyon dollar təşkil edirdisə, bu günkü vəziyyət inkişafın göstəricisidir.

- Regionda Ermənistan və Gürcüstanın bu siyahıda yer almaması Azərbaycanın hərbi gücünün Cənubi Qafqazdakı təsirini necə artırır?

- Ermənistan və Gürcüstanın siyahıda yer almaması Azərbaycanın Cənubi Qafqazdakı hərbi gücünü daha da önə çıxarır. Bu, Azərbaycanın regionda sabitlik və təhlükəsizlik baxımından mühüm rol oynadığını göstərir. 

Millət vəkili əlavə etdi  ki, Azərbaycan Ordusu, 21-ci əsrdə heç bir ordunun edə bilmədiyini edərək, Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur edib. Azərbaycanın ordusunda müharibə dövründə bir nəfər belə fərari olmayıb. Halbuki Ermənistan ordusunda 12 mindən çox fərari olub. Bu, qalib orduların yüksək reytinqlərə layiq görülməsinin əsas səbəblərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman vurğulayır ki, əsas məsələ Azərbaycan vətəndaşının sosial rifahı və təhlükəsizliyidir. Həm sosial məsələlərə, həm də hərbi təhlükəsizlik və ordu quruculuğuna dövlət büdcəsindən əsaslı vəsaitlər ayrılır. Prezident sentyabrın 23-də 7-ci çağırış Parlamentin ilk iclasında qeyd edib ki, qarşıda strateji hədəflər var. Tarixi zəfərə imza atmış, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmişik, Qarabağın yenidən qurulması işlərini həyata keçiririk. Bu reallıqlar fonunda yeni hədəflər önə çıxır. İlk yerdə ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyinin daha da artırılması durur. 2025-ci ilin büdcəsində də hərbi xərclərin artırılması nəzərdə tutulmalıdır. Çünki bugün  Ermənistanda revanşizm güclüdür. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etmir. Konstitusiyasında bunu təsbit edir. Fransa, Hindistan, Yunanıstan, Kipr Respublikası və digər dövlətlərin Ermənistanı silahlandıraraq onu növbəti müharibəyə hazırlaması fonunda ordumuzun daha da gücləndirilməsi zəruridir.

Əsli TELMANQIZI

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il