Kanadanın Montreal şəhərində NATO Parlament Assambleyasının (PA) 70-ci illik sessiyası fəaliyyətə başlayıb. Noyabrın 22-dən 25-nə qədər davam edəcək sessiyada Alyansın üzvü olan 32 ölkənin və tərəfdaş dövlətlərin nümayəndələri iştirak edir.
Sessiyanın komitə iclasları çərçivəsində bir sıra mühüm məsələlər müzakirə ediləcək. Bunlar arasında Ukraynadakı müharibə, Alyansın Vaşinqton Zirvə görüşünün nəticələri və qəbul edilən qərarlar, NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, tərəfdaşlıq əlaqələrinin gələcəyi, Qlobal Cənub və Hind-Sakit okeanı regionları ilə əməkdaşlıq perspektivləri, Qara dəniz regionunun təhlükəsizliyi, Çindən gələn təhdidlər, NATO-nun üzləşdiyi yeni təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, yüksək texnologiyalar və süni intellektin tətbiqi və digər aktual məsələlər yer alacaq.
Tədbirdə Azərbaycan Milli Məclisinin nümayəndə heyəti və Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin üzvləri iştirak edirlər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti NATO PA-nın Baş katibi Ruxandra Popa ilə, həmçinin Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlüd Çavuşoğlu ilə də görüşlər keçirib.