Yaxın şərq

17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi. Ondan öncə BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü. Lakin artıq sıra İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın üçündür. Qəbul olunan qərarların isə heç biri əbəs yerə deyil. Adı çəkilən dövlətlərin məhz elə münaqişələr zamanı törətdikləri cinayətlər bahasına sözügedən qərarların hər biri qəbul edilib. Elə BCM-in son qərarında İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın "Qəzzada törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə" həbsinə order verməsi kimi...

Netanyahu isə öz növbəsində belə bir addıma cavab olaraq onu "qara gün” kimi qiymətləndirərək, "İsrail bu qərarı tanımır və tanımayacaq",-deyə bildirib.

Maraqlıdır, Netanyahu üçün olan belə bir qərarı, BCM-nin bundan öncə qəbul etdiyi digər qərarlardan fərqləndirən nədir? 

Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında qeyd edib ki, BCM-in Netanyahu ilə bağlı qərarı, Rusiyanın prezidenti Vladimir Putin və digərləri ilə bağlı verilən qərardan fərqlənmir:

"Bu qərarların hər biri müharibə cinayətləri ilə bağlı olub, beynəlxalq humanitar hüquqların kobud şəkildə pozulmasını əks etdirirlər. Artıq Qəzzada ölənlərin sayı 50 minə yaxınlaşır və çox təəssüf ki, bunlardan 3-də 1-i məhz körpə uşaqlardır. Bu baxımdan da, belə bir vəziyyətə heç bir özünümüdafiə haqqı haqq qazandıra bilməz. Çünki müharibənin özünün də konkret həddi və çərçivəsi var. İsrail isə bu həddi aşıb. Eynilə, belə bir halı Rusiya-Ukrayna müharibəsində də müşahidə etmək mümkündür. Ukrayna ərazisində əsgərlərdən çox, mülki şəxs həyatını itirib. İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı qərarın onun BCM-in üzvü olan ölkələrə səfəri zamanı həmin ölkələrin siyasi iradəsinin ona müəyyən qadağalar tətbiq etməsinə imkan yaradır və bu bir dövlət başçısı üçün böyük məhdudiyyət, eləcə də üzqaralığıdır".

Belə bir qərar və Netanyahunun fikirlərinin Qəzzadakı hərbi əməliyyatların taleyinə təsirinə gəlincə isə politoloq əlavə edib ki, əməliyyat olduğu kimi davam edəcək, lakin Netanyahu bu qərarı tanımadığı kimi, eləcə də ona təsir etmədiyi görüntüsünü yaradacaq:

"Reallığa baxdıqda, bu, heç də göründüyü kimi deyil. Belə bir təzyiq altında yaşamaq, əlbəttə ki, onun üçün asan olmayacaq. Bu baxımdan da, sözügedən qərar Netanyahunun cinayətkar əməllərində bir məhdudiyyət yaradacaq və ona qarşı belə bir halı qınayan ABŞ-də müəyyən səviyyəyə qədər onu müdafiə edə biləcək".

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il