Yaxın şərq

İranın paytaxtı Tehranın yerinin dəyişdirilməsi son illərdə intensiv şəkildə müzakirə olunan məsələlərdəndir. Hökumət, xüsusilə 2018-ci ildən sonra, bu mövzuda bir neçə araşdırma aparsa da, hələ ki, rəsmi qərar verilməyib. 
Tehran, əhalisinin çoxluğu, iqlim problemləri və təhlükəsizlik məsələləri kimi bir çox çətinliklə üzləşir. Bu səbəblərdən, İranın yeni paytaxtı ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Məsələn, Fars əyalətinin mərkəzi olan Şiraz şəhəri, tarixən və strateji baxımdan ideal bir alternativ olaraq diqqətə çatdırılır. Lakin bu məsələ hələ də dərin müzakirə mövzusudur və hər bir qərarın həm siyasi, həm də iqtisadi baxımdan böyük təsirləri olacağı istisna deyil.

Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Crossmedia.az-a açıqlamasında İranın uzun müddətdir paytaxtını dəyişdirmək istəməsi məsələsinə toxunaraq, hazırki paytaxtın mövcud problemlərindən danışıb:

"İran hakimiyyəti uzun illərdir paytaxtın yerini dəyişməklə bağlı müzakirələr aparır. Belə müzakirələrdən biri 2018-ci ildə Həsən Ruhani prezident olan zaman aparılıb. Həmin zaman prezident Ruhani bu işi araşdırmaq, uyğun qərarlar qəbul etmək üçün vitse-prezident İshaq Cahangiriyə tapşırıq verdi. Həmin dövrdən bu günə kimi müəyyən müddət keçsə də hələ ki heç bir qərar qəbul edilməyib. 
Tehranın paytaxt olmağa yararsızlığına təsir edən amillər müxtəlifdir. Birincisi Tehranın əhalisi çoxdur. Qeyri-rəsmi mənbələr bu şəhərdə 20 milyon insanın yaşadığını yazır. Rəsmi isə 10 milyona qədər insanın yaşadığı bildirilir. Bütün hallarda Tehran hakimiyyəti bu şəhərdə təhlükəsizliyi təmin etməkdə çətinlik çəkir. İkincisi Tehran dağların arasında yerləşən bir kənd olub. İndi böyüdülüb 60km uzunluğu, 40km enində bir əyalətə çevrilib. Dünyada ən çirkli şəhərlərdən biri Tehrandır. Bu şəhərin havası yalnız yağış yağan zaman təmiz olur.  
Tehranda əvvəllər sakinlər içməli su qıtlığı çəkməyib. İndi isə içməli su qıtlığı var. Onu da qeyd edim ki, bu şəhərdə içməli su çox yüksək keyfiyyətdə olurdu. Müxtəlif məişət problemləri, iqlim problemi, təhlükəsizlik məsələsi Tehranın artıq paytaxta yaramadığını göstərir. 

Ekspert İranın paytaxt seçimində alternativ variantlarından da söhbət açıb:

Təbriz, Qəzvin, Həmədan yaxud Miyanə İranın keçmiş paytaxtlarından olub. Güney Azərbaycanın digər şəhərləri məsələn Meşkin şəhəri paytaxt üçün çox uğurludur. Dağ ətəyində yerləşir, çox mədəni əhalisi, gözəl təbiəti var və əhalisinin sayı azdır. Tehran hakimiyyəti isə paytaxtı Fars əyalətinin mərkəzi Şiraza köçürmək istəyir. Bunun səbəbi Şirazın vaxtı ilə Əhəmənilər dövlətinin paytaxtı olması olub. Bu şəhərin 60km-də Əhəmənilər dövlətinin paytaxtı Persepolis yerləşib. Ona görə də İran hakimiyyətinin perspektivdə paytaxtı Şiraza köçürməsi ehtimalı var. Bu əyalətdə Azərbaycan türkləri-qaşqaylar da yaşayırlar. Amma bölgədə əsas aparıcı qüvvə farslar sayılır. Əhəmənilər fars olduğundan bu şəhəri də fars şəhəri kimi təqdim edirlər. Buna görə də paytaxtı ora köçürməyi məqbul sayırlar. 
Burada dövlət strukturu var. Paytaxtın köçürülməsi, fəaliyyət göstərməsi üçün maliyyə vəsaiti tələb olunmayacaq. Bununla belə mövcud şəraitdə paytaxtın köçürülməsi İran hakimiyyəti üçün əlavə xərcdir. Bu xərc dövlət büdcəsi üçün problemdir". 

Ekspert qeyd edib ki, İran hakimiyyəti Türk şəhərlərinin paytaxt olmasını heç cürə razı olmaz:
 
"Tehran hakimiyyəti təhlükəsizlik baxımından Türk şəhərlərini özünə təhdid bilir. Bunun üçün ən etibarlı şəhər olaraq Şirazı seçirlər. Hər halda Şirazın paytaxt olub-olmayacağı məsələsi gələcəyin işidir. Hələ ki bu istiqamətdə araşdırmalar gedir. Keçmiş vitse-prezident İshaq Cahangiridən başlayan araşdırmanın bu günə qədər davam etdiyinə dair  məlumatlar yayılır".

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il