Gündəm

Azərbaycan 19 noyabr 2024-cü ildə Ermənistanla bağlı Haaqadakı Daimi Arbitraj Məhkəməsinə Enerji Xartiyası Müqaviləsi çərçivəsində əsas iddia sənədini təqdim edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, bu sənəddə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulmasına dair ətraflı dəlillər və təfərrüatlar yer alır.

Məhkəmə prosesi 2023-cü ilin fevralında başlanıb. Həmin vaxt Azərbaycan Ermənistana Arbitraj haqqında Bildiriş göndərərək, ölkənin enerji resursları üzərində suveren hüquqlarının pozulduğunu bəyan etmişdi. Sentiyabr ayında arbitraj məhkəməsi təsis olunub, 12 yanvar 2024-cü ildə isə tərəflərin ilk prosessual iclası keçirilib.

Azərbaycanın iddialarına əsasən, Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə Azərbaycan enerji resurslarına çıxışdan məhrum edilib. Ermənistan bu dövr ərzində Azərbaycanın enerji obyektlərini qanunsuz istismar edib, ərazilərdə enerji resurslarını mənimsəyib və ölkənin bərpa olunan enerji layihələrinə maneə törədib.

Xüsusilə vurğulanır ki, Ermənistan Azərbaycanın Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyasını, Xudafərin və Qız Qalası hidroenergetika layihələrini qanunsuz şəkildə ələ keçirib və bu layihələrin icrasını 30 il gecikdirib. Bu əməllər həm Enerji Xartiyası Müqaviləsinin, həm də beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi qiymətləndirilir.

Azərbaycanın təqdim etdiyi iddia sənədində Ermənistanın qanunsuz fəaliyyəti geniş şəkildə izah edilib. Burada Ermənistanın işğal etdiyi ərazilərdə enerji resurslarını mənimsəməsi və istismar etməsi, həmçinin Azərbaycanın təbii ehtiyatlardan istifadə hüququnu pozması əks olunub.

Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev məsələ ilə bağlı Crossmedia.az-a bildirib ki, Ermənistanın bu hərəkətləri beynəlxalq hüququn bir sıra prinsiplərinə ziddir. O qeyd edib ki, işğal dövründə Ermənistan həm Dörd Cenevrə Konvensiyasını, həm də beynəlxalq humanitar hüququn digər normalarını pozaraq Azərbaycan ərazilərindəki enerji obyektlərini qanunsuz istismar edib.

Azərbaycan 1994-cü il Enerji Xartiyası Müqaviləsinə əsaslanaraq, Ermənistana qarşı kompensasiya və maliyyə təzminatı tələb edir. Bu müqavilə dövlətlər arasında enerji resurslarının istifadəsi və istismarı ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Azərbaycan hesab edir ki, Ermənistan Enerji Xartiyası Müqaviləsinin müddəalarını pozaraq, Azərbaycanın enerji resursları üzərindəki suveren hüquqlarını tanımaqdan imtina edib.

 Azərbaycanın iddiası əsasən Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı üzərində qurulub. İddia sənədində vurğulanır ki, Ermənistan qanunsuz şəkildə Azərbaycanın su, külək və günəş enerjisi potensialını mənimsəyib və bu resursların tükənməsinə şərait yaradıb.

Məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşılsa, işğal edilmiş ərazilərdə təbii resursların qanunsuz istismarı qəti qadağandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin “Silahlı Münaqişələrlə Əlaqədar Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Təlimatı” və 2022-ci ildə qəbul edilmiş “Silahlı Münaqişələrlə Əlaqədar Ətraf Mühitin Mühafizəsi üzrə Prinsiplər Layihəsi” bu məsələyə xüsusi diqqət yetirir.

Bu sənədlərdə işğalçı dövlətlərin işğal etdikləri ərazilərdə ətraf mühitə və təbii resurslara hörmət etmələri, onların qorunmasını təmin etmələri və qanunsuz istifadədən çəkinmələri tələb olunur. Ermənistanın bu öhdəliklərə əməl etmədiyi iddia olunur.


Azərbaycanın məqsədi, Ermənistanın qanunsuz fəaliyyətlərini beynəlxalq səviyyədə tanıtmaq və təzminat almaqdır. İddia sənədində Ermənistanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq məsuliyyət daşıdığı vurğulanır. Azərbaycan beynəlxalq məhkəmədən Ermənistanın Enerji Xartiyası Müqaviləsi üzrə öhdəliklərini pozduğunu təsdiq etməyi və bu pozuntulara görə təzminat ödənilməsini tələb edir.

Son olaraq Əlövsət Allahverdiyevin fikrincə, Haaqadakı Daimi Arbitraj Məhkəməsinin bu proseslə bağlı verəcəyi qərar Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bu qərar həm Azərbaycanın beynəlxalq hüquq sahəsində mövqeyini gücləndirəcək, həm də enerji resursları üzərindəki suveren hüquqlarını bərpa edəcək.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il