Siyasi

Ermənistanın son dövrlərdə Qərbə doğru yönəlməsi və bu istiqamətdə atdığı addımlar onun siyasi kursunda ciddi dəyişikliklərə səbəb olub. Əvvəllər əsas müttəfiqi kimi Rusiya ilə sıx əməkdaşlıq edən Ermənistan hazırda Moskva ilə münasibətlərdə gərginlik yaşayır. Bu, təkcə Qərbin təsirinin artması ilə deyil, həm də Ermənistanın Rusiya ilə strateji tərəfdaşlığına qarşı daha sərt mövqe sərgiləməsi ilə izah olunur.

Rusiyanın regionda ənənəvi təsir gücünü nəzərə alsaq, Ermənistanın bu davranışı Moskva tərəfindən etinasızlıq və nankorluq kimi qiymətləndirilir. Kremlə etimadını itirən İrəvan, Qərbin təklif etdiyi iqtisadi və siyasi dəstəkdən asılı hala düşərək, regionda balansı pozmağa səbəb olan addımlar atır. Bu yanaşma Ermənistanı Rusiya ilə münasibətlərində daha da çətin vəziyyətə salır və onun təhlükəsizlik maraqlarını sual altına qoyur. Ermənistandakı bu dəyişikliklər isə nəinki ölkənin özündə, həm də regionda daha böyük geosiyasi gərginliklərə yol açır.

Son illərdə Ermənistan Qərbin təsiri altında "demokratiya adası" kimi təqdim edilir. Amma gəlin görək, bu ada nə qədər sülhsevərdir və nə qədər demokratiyanın qaydalarına uyğundur. Qərbin təriflər yağdırdığı bu ölkədə jurnalistlər məhkəmə zalında şübhəli şəraitdə ölüb, media azadlığı isə yalnız bir ifadədən ibarət qalıb: "biz sizə nəyi desək, onu yazın". Demokratiya anlayışının erməni versiyası belədir: nəhayət ki, söz azadlığı yalnız hökumət təbliğatına xidmət etdikdə mövcud olur. Təəccüblüsü odur ki, Qərb bu hadisələrə heç reaksiya vermir. "İnsan haqları", "ədalət", "şəffaflıq" kimi dəyərləri bayraq edən dövlətlər birdən-birə lal və kor olurlar. Jurnalistlərin həbsi, onların öldürülməsi, müxaliflərin təqibi – bunlar hamısı Qərbin "yeni müttəfiqi" Ermənistanda adi hadisələrə çevrilib. Amma necə deyərlər, dostdan gələn çirk gözə görünməz. Ən maraqlısı isə, Qərbin Ermənistandakı bu pozuntulara səssiz qaldığı vaxtda digər ölkələrə demokratiya dərsi keçməsidir. Düşünmək olar ki, Ermənistanda baş verənlər demokratiya deyilsə, bəs nədir? Bəlkə də, "post-demokratiya" adlandıra bilərik – çünki burada demokratiya anlayışı daha çox siyasi oyunun bir hissəsi kimi görünür.

Rusiyanın təsirindən çıxmaq üçün Ermənistanı demokratiyanın "ideya laboratoriyasına" çevirməyə çalışan Qərb əslində, bu ölkədə yalnız öz maraqlarına uyğun bir idarəçilik modelini dəstəkləyir. Demokratiya adına təriflər deyilir, amma insan haqlarının pozulmasına göz yumulur. Görəsən, Qərbin gözləri Ermənistanda yalnız özünə lazım olan mənzərələri görmək üçün tənzimlənib?

Qoca qitənin Ermənistandakı ədalətsizliklərə susqunluğu həm də regionda ikiüzlü siyasətin bariz nümunəsidir. Ədalət anlayışı burada yalnız siyasi oyunlarda üstünlük qazanmaq üçün istifadə olunur. Görünür, Ermənistanın "qərbləşməsi"nin əsas məqsədi də məhz budur – real problemləri ört-basdır edib, maraqları təmin etmək. Demokratiya oyununa alqış, amma pərdənin arxasında baş verənlərə susqunluq – budur Ermənistanın yeni siması. Belə görünür ki, Ermənistan demokratiyanın deyil, geosiyasi maraqların laboratoriyasıdır. Ədalət? Yox, o, hələ də bu "ada"ya gəlib çatmayıb.

Fransa dünyaya "sülh və insan haqları keşikçisi" obrazını təqdim edir. Amma bu "idealizm" Ermənistanla münasibətlərində nədənsə qara pərdə arxasında qalır. Fransanın Ermənistana ardıcıl olaraq silah satması, elə bil, "Qafqazda sabitlik və sülhə" töhfədir! Ermənistana verilən hər bir top, tank, PUA Qərbin sülh ritorikasını açıq şəkildə təkzib edir. Azərbaycanı beynəlxalq səviyyədə tənqid etməklə məşğul olan Fransa, Ermənistanın Qarabağda həyata keçirdiyi etnik təmizləməyə isə illərdir susur.

Biz danışsaq, "fərqli versiya" deyəcəklər. Amma faktlar var: 1990-cı illərdən etibarən Ermənistanın Qarabağda azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə, minlərlə insanın qətlə yetirilməsi, yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından qovulması təkcə bizim deyil, beynəlxalq təşkilatların da qəbul etdiyi reallıqlardır. Ermənilərin 30 illik işğalı dövründə Qarabağda meşələr kəsildi, çaylar çirkləndirildi, yeraltı sərvətlər qanunsuz istismar edildi. Bunu etmək üçün ekologiyanı yox, insanlığı da məhv etmək lazımdır – Ermənistan isə bu işdə mahirdir.

Qərb isə nə etdi? Qətiyyən heç nə! Qarabağda "ekoloji terrordan" bəhs etmək istəsək, Fransa dərhal "İrəvanın təhlükəsizlik problemlərindən" danışmağa başlayacaq. Ekoloji fəlakətlərin sənədlərlə təsdiqlənməsinə baxmayaraq, Avropa bu məsələyə əhəmiyyət vermədi. Ermənistan isə bu "yaşıl işıqdan" istifadə edərək, ekoloji dağıntılarla yanaşı, həm də regionda sabitliyi təhdid edən siyasətini davam etdirdi.

Ən absurd vəziyyət isə Ermənistana beynəlxalq məhkəmələrdə dəstək verən həmin Qərb dövlətlərinin guya "qorunan ətraf mühit" şüarları ilə çıxış etməsidir. Bir tərəfdə ekoloji fəlakəti təbliğ edən hesabatlar yazılır, digər tərəfdə isə Ermənistanın təbiətə və insanlara etdiyi vandalizmə göz yumulur. Əslində, "müasir Avropa ekologiyası" Ermənistandan danışanda mütləq “siyasi maraqlar ekologiyası”na çevrilir.

Fransanın Ermənistana silah tədarükü isə əsl kinayə mövzusudur. Ermənistanın nə vaxtdan hərbi “supergücə” çevrildiyini bilmirik, amma Fransanın bu qədər dəstəyinin məqsədi açıqdır: Cənubi Qafqazda təsirini artırmaq. Əlbəttə bu təsir üçün Ermənistan idealdır – hüquq pozuntuları ilə zəngin, əxlaq prinsiplərindən uzaq, idarə olunan bir dövlət. Fransa isə silah sataraq həm iqtisadi, həm də siyasi maraqlarını təmin edir.

Qarabağda törədilən etnik təmizləmə, ekoloji fəsadlar və təbii sərvətlərin talanı təkcə Ermənistanın deyil, ona göz yuman Qərbin də vicdanında bir qara ləkədir. Amma görünür, onların vicdanları siyasi maraqlar üçün olduqca elastikdir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi isə nəinki bu ikili standartları ifşa etdi, həm də Qərbin Ermənistana oynadığı teatrın pərdəsini endirdi. Göz yummaları heç nəyi dəyişməz – tarix həm Ermənistanı, həm də onun himayədarlarını xatırlayacaq.

Ləman TƏHMƏZ

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il