Siyasi

Müasir dövrdə informasiya güc, təsir və manipulyasiya vasitəsi kimi strateji əhəmiyyət daşıyır. Media qurumları cəmiyyətlərdə yalnız məlumat paylaşan platformalar deyil, həm də ictimai rəyin formalaşmasında mühüm rol oynayan təsir mexanizmləridir. Buna baxmayaraq, dünya mediasında bəzi hallarda qərəzli və birtərəfli yanaşma müşahidə olunur ki, bu da həqiqətlərin təhrif edilməsinə, stereotiplərin güclənməsinə və konfliktlərin dərinləşməsinə səbəb olur.

Qərəzli informasiya siyasətinin arxasında duran səbəblər çoxşaxəlidir və müxtəlif faktorlarla izah olunur: siyasi və iqtisadi maraqlar, mədəniyyətlərarası fərqliliklər, informasiya müharibələri və media qurumlarının maliyyə strukturundakı problemlər. Bu cür yanaşmalar xüsusilə beynəlxalq məsələlərdə – münaqişələr, enerji siyasəti, insan haqları kimi mövzularda daha çox nəzərə çarpır.

İlk növbədə geosiyasi maraqlar bu səbəblərin başında gələn ən vacib məqamdır. Güclü dövlətlərin və beynəlxalq aktorların öz maraqlarını qorumaq üçün media üzərindən təsir göstərməsi günümüzün reallığıdır. Münaqişəli bölgələrdə tərəflərin müəyyən dövlətlərə və ya təşkilatlara yaxın olmasına görə qərəzli mövqelər nümayiş etdirilməsinin də mütəmadi şəkildə şahidi olmaqdayıq.

İkinci səbəb maliyyə və sahiblik faktorları ilə bağlıdır. Nəzərə almalıyıq ki, media qurumlarının əksəriyyəti böyük korporasiyalar və ya siyasi qruplar tərəfindən maliyyələşdirilir, nəticədə onların siyasi və iqtisadi maraqlarına uyğun təbliğatın təşkil edilməsi əsas məqam kimi ortaya çıxır. Bu isə olduqca önəmli faktordur. Qlobal informasiya məkanında aparıcı media korporasiyaların təsiri və informasiya axınına müdaxilələri, məhz həmin quruluşların müəyyən mövzulara aid üstünlük verdiyi narrativlərin hakim olmasına səbəb olur.

Stereotiplər və mədəni yanaşmalar digər vacib səbəb kimi götürülə bilər. Təəsüf ki, xüsusilə Qərbdə bəzi ölkələrə və xalqlara qarşı tarixi və ya mədəni stereotiplər mövcuddur. Bu özünü şərq xalqlarına və qərb mədəniyyətindən fərqli sivilizasiyaları təmsil edən xalqlara münasibətdə özünü aydın şəkildə göstərir. Eyni zamanda məlumatın kontekstdən çıxarılaraq təqdim olunması və ya müəyyən mədəniyyətlərə uyğunlaşdırılması halları da mövcuddur.

Dördüncü səbəb kimi informasiya müharibəsini qeyd edə bilərik. Birmənalıdır ki, bəzi ölkələr və təşkilatlar rəqiblərinə qarşı media vasitəsilə informasiya müharibəsi aparırlar. Bu dezinformasiya və manipulyasiyalarla müşayiət olunur.

Dünya mediasında qərəzli informasiya siyasəti qlobal arenada həqiqətlərin təhrif edilməsinə və ictimai rəyin manipulyasiyasına yol açır. Bu siyasətin arxasında duran səbəblər – geosiyasi maraqlar, iqtisadi təsirlər, mədəni stereotiplər və informasiya müharibələri – yalnız bir dövlət və ya qurumun təsir sferasından kənarda deyil, daha geniş miqyasda, qlobal güc balanslarının bir hissəsi kimi özünü göstərir.

Azərbaycana dair beynəlxalq mediada nümayiş olunan qərəzli yanaşmalar bu problemlərin konkret nümunəsidir. Ölkənin coğrafi mövqeyi, enerji resursları və strateji maraqları bəzi hallarda obyektiv informasiya axınının qarşısını alır. Bu isə ölkənin imicinə və beynəlxalq münasibətlərinə mənfi təsir göstərir.

Bununla belə, qərəzli informasiya siyasəti ilə mübarizə yalnız dövlətlər və təşkilatlar üçün deyil, həm də cəmiyyətlər üçün bir çağırışdır. Daha obyektiv və müstəqil media quruluşunun təşviq edilməsi, media savadlılığının artırılması və məlumat mənbələrinin müxtəlifliyinin təmin edilməsi bu problemin həllində mühüm addımlar ola bilər. Eyni zamanda, qlobal informasiya mühitində balanslı və ədalətli yanaşma təmin edilmədən davamlı sülh və tərəqqi mümkün görünmür.

Bu kontekstdə Azərbaycan kimi ölkələr həm öz milli maraqlarını qorumaq, həm də beynəlxalq ictimaiyyətə daha obyektiv informasiya təqdim etmək üçün fəal informasiya strategiyaları hazırlamalıdır.

Vüqar Zifəroğlu

BDU Jurnalistika fakültəsinin dekanı

Azərbaycan Mətbuat Şurasının sədr müavini

Cross Media Təhlil Mərkəzinin analitiki

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il