Avropa

Son illərdə beynəlxalq münasibətlərdəki gərginlik və münaqişələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi, dünya təhlükəsizliyini ciddi şəkildə təhdid edir. ABŞ prezidenti Co Baydenin qərarları, Avropa ölkələrinin müdafiə siyasətləri və Rusiyanın hərbi təhdidləri, qlobal miqyasda geniş miqyaslı 3-cü dünya müharibəsinin başlama ehtimalını gündəmə gətirir. Bu şəraitdə, dünya bir tərəfdən, Ukraynanın müdafiə məsələsində mövcud qeyri-müəyyənlikləri və Avropanın təhlükəsizlik siyasətini müzakirə edir, digər tərəfdən isə, Rusiya ilə qarşıdurmanın daha geniş miqyasda hərbi münaqişəyə yol aça biləcəyini düşünür. Skandinaviya indidən 3-cü dünya müharibəsində nə etmək lazım olduğu ilə bağlı əhaliyə kitabçalar paylayır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Co Baydenin aldığı qərarların fonunda bu qərarların yaratdığı təhlükələrdən danışıb:

"ABŞ prezidenti Co Bayden hakimiyyətinin son günlərində verdiyi bir qərarla - Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi ilə bütün dünyanı real təhlükə qarşısında qoydu. Əgər Ukraynanın Rusiyanın daxilinin dərinliklərinə raket zərbələri intensiv xarakter alarsa, bu halda Kremilin də NATO ölkələrinə xüsusilə də Avropa İttifaqı Birliyi(AİB) ölkələrinə cavab zərbələri endirmək ehtimalı yarana bilər. Bu baş verərsə, artıq başlandığı bildirilən 3-cü dünya müharibəsi bir mənalı şəkildə açıq fazaya keçmiş olacaq. Onlarla dövlət Rusiya ilə bir başa müharibə vəziyyətində olacaq. Belə situasiyada isə NATO-nun Rusiya ilə hərbi münaqişəyə girməsi qaçınılmaz xarakter daşıyacaq. NATO-nun daxilində Rusiya ilə hərbi münaqişəyə münasibət bir mənalı olmadığından onun daxilində də müəyyən ziddiyətlər və parçalanmalar istisna deyil. Olduqca qəliz vəziyyətin yaranma ehtimalı var. Bütün bunları nəzərə alanda 3-cü dünya müharibəsi kifayət qədər realdır. Qərbdə bəzi siyasi dairələr xüsusilə də bəzi NATO ölkələri Trampın öz səlahiyyətlərinə başladıqdan sonra Rusiya ilə bir başa sülh danışıqlarına gedə biləcəyi ilə bağlı ehtimallardan ciddi şəkildə narahatdırlar. Həmin danışıqların Ukraynanın ərazi itkiləri hesabına baş verəcəyini, Rusiyanın isə daha da güclənəcəyini düşünürlər. Hesab edirlər ki, Ukrayna savaşı indiki situasiyada dayandırılarsa, Avropa ölkələri ciddi hərbi təhdid qarşısında qala bilərlər. Yaxın gələcəkdə Rusiyanın bir qədər güclənməsi Avropa məkanını onun hərbi-siyasi hegemoniyası altına sala bilər. Bütün bunları nəzərə alan Avropa ölkələri nəyin bahasına olursa-olsun Ukraynanı Rusiya ilə müharibədə saxlamağa çalışırlar. Ukraynadan Rusiyaya qarşı müdafiə zonası, vasitəsi kimi istifadə etmək istəyirlər. Hətta Fransanın Xarici İşlər Naziri bəyan edib ki, Rusiya ordusunun Ukraynada bir kilometr irəliləməsi nəticə etibarı ilə Rusiya təhlükəsinin Avropaya bir kilometr yaxınlaşması deməkdir". 

Ekspert olduqca qəribə yanaşmaların mövcudluğunu bildirib. Qeyd edib ki, Ukraynanı Avropanın təhlükəsizliyi üçün qurban vermək, Rusiya ilə müharibənin alətinə çevirmək niyyətləri artıq reallaşıb: 

"Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə Tramp administrasiyası Avropanın təhlükəsizlik çətirinə dəstək verməkdən imtina edərsə, hətta Tramp NATO-ya qarşı neqativ mövqeyini ortaya qoyaraq ABŞ-ın bu qurumdan çıxmasını təmin etsə, Avropa İttifaqı ölkələri Rusiyanın qarşısında müdafiəsiz qalma təhlükəsi ilə üzləşə bilərlər. Çünki AİB ölkələri bu günə qədər öz hərbi təhlükəsizlik maraqlarına, sahələrinə ciddi maliyyə yardımı etməyiblər. Əsas səbəb ondan ibarətdir ki, ABŞ və NATO AİB ölkələrinin təhlükəsizliyini təmin edirlər. Tramp administrasiyası bu vəziyyəti dəyişə bilər. Ona görə də AİB ölkələrində ciddi qorxu yaranıb. 3-cü dünya müharibəsinin aktiv fazaya keçəcəyi təqdirdə Rusiyanın əsas hədəfinə çevriləcək AİB ölkələri istənilən halda yeni müharibə şəraitinə hazırlaşmaq məcburiyyətindədirlər". 

Siyasi analitik sonda yaxın gələcəkdə dünyanı olduqca təhlükəli proseslər gözlədiyini vurğulayıb. Söyləyib ki, bu proseslər əvvəlcə 3-cü dünya müharibəsinin aktiv fazasına, ardınca isə Rusiyanın NATO-ya məğlub olma ehtimalının daha real olduğuna görə, Kremilin dünyanı nüvə müharibəsinə sürükləmə təhlükəsi hazırda olduqca aktual bir reallıqdır.

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il