Çarpaz baxış

BRİCS qlobal iqtisadi və siyasi müstəvidə balans yaratmaq və inkişaf etməkdə olan ölkələrin maraqlarını təmsil etmək üçün qurulmuş mühüm bir platformadır. Bu təşkilat, üzv dövlətlərin dünya iqtisadiyyatında səsini daha güclü duyurmaq, iqtisadi inkişafa nail olmaq və qlobal miqyasda ədalətli qərarlar qəbul etmək üçün birləşdiyi unikal əməkdaşlıq formatıdır. Bu təşkilat çoxqütblü dünya nizamını dəstəkləyərək qlobal idarəetmədə dəyişikliklərə və daha inklüziv yanaşmalara ehtiyac olduğunu vurğulayır. Bu birlik çərçivəsində atılan hər bir addım, üzv ölkələrin iqtisadi gücünü artırmaqla yanaşı, dünya səhnəsində balanslı bir güc paylaşımını təmin etmək məqsədi daşıyır. Bəs bu təşkilata üzvlük ölkəmiz üçün nələr vəd edir? 

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ölkəmizin başçısının XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında keçirilən tədbirində iştirakı bu platformada Azərbaycanın milli maraqlar üzərində məqsədlərimizin reallaşması üçün öz mövqeyini, öz baxışlarını bir daha səsləndirmiş oldu:

“Azərbaycan Prezidenti çoxtərəfli və multiviktorial xarici siyasət həyata keçirir və bu, Azərbaycanın milli mənafelərinin qorunması baxımından olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, İlham Əliyev çıxışı zamanı yeni alternativ platformaların reallaşdırılması üçün yeni işlər gördüyünü diqqətə çatdırıb və Şimal-Cənub inteqrasiyası çərçivəsində indiyə qədər müəyyən işlər həyata keçirildiyini qeyd edib”.

Onun sözlərinə görə, Kazanda keçirilən görüşdə yaddaqalan ən mühüm məsələlərdən biri Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında dialoqun baş tutması oldu:

“Görünür, Azərbaycanın irəli sürdüyü “beş bacı” prinsipini qəbul edən Ermənistan ehtiyat hiss etdi ki, sülh danışıqları üçün növbəti addım atmaq lazımdır. Qeyd etmək lazımdır ki, dialoq təşəbbüsü Ermənistanın Baş naziri tərəfindən irəli sürüldü. Paşinyan və onun arxasında olan qüvvələr başa düşür ki, sülhün yolu ancaq və ancaq Azərbaycanın haqlı, beynəlxalq hüquqa əsaslanan mövqeyini qəbul etməkdir”.

H.Babaoğlun sözlərinə görə, Bu qısa dialoqda kifayət qədər ciddi mesajlar verilib ki, iclasdan dərhal sonra dialoqa Xarici İşlər Nazirləri qoşuldu və daha sonra ikitərəfli görüş baş tutdu:

“Düşünürəm ki, bu vacib görüş və ondan sonra hər iki tərəfin eyni məzmunda bəyanat yayması, sülhün əldə edilməsi ilə bağlı Xarici İşlər Nazirlərinə təlimatların verilməsi, sülh istiqamətində proseslərin yeni dinamikasını yaradacaq. Bu, təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də, bütövlükdə regionun gələcəyi üçün olduqca vacibdir”.

Son olaraq deputat diqqətə çatdırıb ki, Azərbaycan regionda sülh istəməyən fransızlara və digər islamafob mərkəzlərə qarşı sülhü əldə etməkdə israrlıdır. Azərbaycan regiona sülh, əməkdaşlıq və tərəfdaşlıq gətirəcəkdir.

Əli Hüseynov

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il