Çarpaz baxış

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva Crossmedia.az saytının suallarını cavablandırıb:

- Azərbaycan dilinin qlobal səviyyədə mövqeyini gücləndirmək üçün hansı strategiyalar tətbiq olunur? Qlobal səviyyə ilə yanaşı bizim azyaşlılarımızın lüğətini, söz bazasını inkişaf etdirmək üçün məsləhətləriniz nələrdir?

- Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun genişlənməsi üçün ilk vasitə düzgün tədris vəsaitlərinin mövcudluğudur. Çünki Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının sədri, ölkəmizin başçısı cənab İlham Əliyev hər dəfə diaspor nümayəndələri ilə görüşlərində xaricdə həftəsonu məktəblərinin fəaliyyətinin gücləndirilməsini gündəmə gətirir. O, bildirir ki, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilinə daha yaxşı bələd olmaları və Azərbaycan dili ruhunda, mühitində böyümələri üçün uyğun şəraitin yaradılması vacibdir.

Birinci növbədə keyfiyyətli tədris vəsaitləri hazırlanmalı, ikinci növbədə isə bədii ədəbiyyat, uşaq şeirləri və cizgi filmləri ərsəyə gətirilməlidir. Bu gün böyüməkdə olan nəsil, Azərbaycan dilində uğurlu cizgi filmlərinin çatışmazlığı səbəbindən, daha çox türk dilindəki filmləri izləyir. Biz bir millət, iki dövlətik və eyni dil ailəsinə aid olmağımıza baxmayaraq, hər dil müstəqildir. Azərbaycan dilinin zəngin nümunələri çoxdur. Arzu edirəm ki, həm orta məktəb dərsliklərində, həm də bütün tədris vəsaitlərində milli ruhumuza sadiq qalaraq, yazıçılarımızın və şairlərimizin əsərlərinə yer verək. Bu, çox vacibdir.

Dünən bir bağçaya getmişdik. Orada uşaqların şeir və mahnılar səsləndirdiklərini gördük. Hər bir uşağın hafizə tutumu və mənimsəmə bacarığı fərqlidir. Biz nə qədər çalışsaq da, bu gün uşaqlara ikinci bəndi əzbərlətmək çox çətindir. Onların əlləri kiçik olduğu kimi, ürəkləri də kiçikdir. Beyin tutumu da öz yaşlarına uyğundur. Onlar eyni anda həm “çəhrayı,” həm də “pəmbə” terminlərini qəbul edə bilməzlər. Bu gün istənilən çəhrayı rəngli əşyanı uşaqlara göstərsəniz, 90 faiz hallarda “pəmbə” deyəcəklər. Niyə? Çünki cizgi filmlərindən bu anlayışı öyrəniblər. Bənövşəyi rəngi də tanımır, “mor” deyirlər. Rəng məfhumunun anlaşılması türk dilinin təsiri ilə baş verir. Beyindəki “mor” anlayışını silmək üçün çox çalışmaq lazımdır. Bu səbəbdən, uşağa rəngi düzgün şəkildə təqdim etməliyik ki, öyrənmə prosesi düzgün getsin.

Mən dil mühitini hər zaman müşahidə edirəm. Uşaqlara əşyaları necə tanıtdırırıqsa, onlar da həmin şəkildə öyrənirlər. Soyuducu göstərilirsə, uşaq “soyuducu” deyir, “xaladenik” sözünü tanımır. Eynək, dabankeş, qələm – uşaqlar bu sözləri necə öyrənibsə, elə də istifadə edirlər.

Hər bir uşağın psixoloji və pedaqoji xüsusiyyətlərini nəzərə alaraq, mətnlər və şeirlər diqqətlə seçilməlidir. Məsələn, Zahid Xəlilin yaradıcılığı uşaqların düşüncə tərzinə uyğun, yadda qalan və poetikdir. Onun şeirləri elədir ki, sanki uşaqlar özləri yazıblar. Amma orta məktəb dərsliklərindəki şeirləri əzbərləmək çox çətindir və yadda qalmır. Biz böyüklər həmin şeirlərdən qaçdığımız kimi, uşaqlar da onlardan qaçırlar. Bu, çox ciddi məsələdir. Uşaqların düzgün yetişməsi üçün əvvəlcə onlara dil mühiti yaratmalı, sonra onlardan düzgün nitq gözləməliyik. Əgər uşaq yaxşı danışmırsa, bu, onun günahı deyil. Problem ailə mühitində, bağçada və ya məktəbdə ola bilər.

Ən vacibi, vətən sevgisini dil sevgisi ilə uşaqlara aşılamaqdır. Dil sevgisi ilə böyüyən uşaqlar vətəni qorudular. Dünən Zəfər günü idi. Vətənpərvərlik ruhu ilə döyünən ürəklər Qarabağımızı, müstəqil və bütöv Azərbaycanımızı bizə bəxş etdilər. Ali Baş Komandanımızın uzaqgörənliyi və qətiyyətli nitqi ilə müzəffər ordumuz qalib gəldi. Azərbaycan dili o dövrdə həm hərbin, həm də qələbənin dili oldu. Ali Baş Komandanın aydın və çağırış dolu nitqi, cəsarətli çıxışları əsgərlərə güc verdi. Nitq insanı sevgi və qalibiyyətə aparır. Lakin susqunluq və dilə laqeydlik insanı uzaqlaşdırır. Buna görə də müəllimlər çalışmalıdır ki, dərsliklər Azərbaycan dilində olsun. Valideynlər övladlarını Azərbaycan dilində tərbiyə etməli, analar laylalarla uşaqlarına ana dilinin gözəlliyini göstərməlidir. Uşaqlar böyüdükcə dilimizin zənginliyini dərk etməlidirlər. Bu, ailə, müəllim və cəmiyyətin birgə səyi ilə mümkün olur.

-Siz qeyd etdiniz ki, uşaqlar televiziyalara görə “mor” və “pəmbə” kimi sözləri bilir, lakin “bənövşəyi” və “çəhrayı” kimi sözləri tanımırlar. Bunun səbəbi, onların çox vaxt türk seriallarına baxmasıdır. Bəs, Azərbaycan dilinin yerli və beynəlxalq səviyyədə öyrədilməsi, təbliği üçün hansı layihələr həyata keçirilir?

-Azərbaycan dilinin beynəlxalq səviyyədə təbliği və öyrədilməsi üçün bir sıra layihələr həyata keçirilir. Son zamanlarda Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilinin öyrədilməsi üçün 6 mərhələdən ibarət sertifikasiya kitabı hazırlanıb. Bu kitab miqrantların dilimizi mənimsəməsi üçün hazırlanmışdır. Azərbaycana gələn xarici vətəndaşlar, ölkəmizdə işləmək və yaşamaq üçün ilk növbədə Azərbaycan dilindən imtahan verirlər. Bu imtahanı uğurla keçdikdən sonra fəaliyyət göstərə bilirlər. Yaxın gələcəkdə miqrantlara Azərbaycan dilini tədris etmək üçün təlimlər də təşkil ediləcək.

Bundan əlavə, Azərbaycan dilinin tədrisi xaricdə də genişlənməkdədir. Məsələn, ABŞ-nin Yuta ştatında, Özbəkistan, Rusiya və Türkiyədə Azərbaycan dili kafedraları fəaliyyət göstərir. Bu kafedralarda müəllimlər vasitəsilə tələbələr Azərbaycan dilini öyrənirlər. Sentyabr ayında Çində olduğumuz zaman, 13 çinli tələbənin Azərbaycan dilini sevgi ilə öyrəndiklərini gördük. Hətta iki çinli tələbə adlarını dəyişərək Vaqif və Tamella qoyublar. Onlar Azərbaycan dilində o qədər mükəmməl danışırlar ki, bu, heyranedicidir. Orada dosent Aqşin Əliyev, kafedra müdiri, böyük işlər görüb və Azərbaycan dilinin Çində tanınmasına böyük töhfə verib.

Ulu Öndər Heydər Əliyevin arzusu da məhz bu idi: Azərbaycan dili sərhədləri aşsın, dünya miqyasında tanınsın. Bu məqsədlə, xaricdə təhsil üçün dövlət proqramları təsdiq edilib. Gənclərimiz xaricdə oxuyaraq dilimizi və mədəniyyətimizi təmsil edirlər. Əcnəbi dostlarımız Azərbaycan dilinin gözəlliyindən vurğunluqla danışırlar. Bu da müxtəlif layihələrin həyata keçirilməsinə şərait yaradır və hazırda da həmin layihələr uğurla icra olunur.

-Uşaqlar və gənclər arasında dilin düzgün və təmiz istifadəsini təşviq etmək üçün hansı proqramlar və layihələr mövcuddur?

-Bəli, biz müxtəlif mövzularda müsabiqələr təşkil edirik. Orta məktəb şagirdləri, Azərbaycanımızın bütün təhsil müəssisələrinin jurnalistika və filologiya fakültələrinin tələbələri arasında da müsabiqələr elan etmişik. Təəssüf ki, gənclərimizin çoxu esse yazma bacarığına malik deyillər. Esse yazma qabiliyyəti olmayan gənclər bizi narahat edir. Müsabiqəmizə daxil olan inşa və yazılarda ən çox plagiat hallarına rast gəlirik. Bir gənc, xüsusən “vətəndaşlıq” mövzusunda elan edilən bir müsabiqənin iştirakçısı olaraq, necə plagiat yazı təqdim edə bilər? Bir Azərbaycan gənci şəhidlərimizin qanı bahasına alınmış torpaqlar üzərində gəzərkən qürur duymurmu?

Müstəqil və əsl Azərbaycan vətəndaşı olaraq necə plagiat yazı ilə çıxış edə bilərik? Bu məsələlər bizi çox narahat edir. Bizim gənclərimiz adətən inşa yazmaq lazım olduqda, internetdən məlumat axtarır, sonra isə bu məlumatı sadəcə köçürürlər, elə düşünürlər ki, bu onların düzgün çıxış yoludur. Bu vərdiş bizə çox təsir edir.

Bununla yanaşı, biz müxtəlif flayerlər hazırlamışıq. Azərbaycan dili ilə bağlı, məşhur yazıçı və şairlərimizin dilindən alınan qiymətli fikirlər müxtəlif dillərə tərcümə olunub. Həm Azərbaycan, həm də fars, fransız və alman dillərində tərcümələr aparılıb. Bu, həm fransızlara, həm də digər dillərdə danışanlara Azərbaycan dilinin nə qədər qüdrətli və dəyərli olduğunu göstərmək məqsədi daşıyır. Klassik yazıçılarımızın fəlsəfi və poetik düşüncələrini görmək onlara böyük təsir edəcəkdir.

Tərcümələr müxtəlif dillərdə sərgilənir və nümayiş etdirilir. Həmçinin, biz böyüməkdə olan nəsil üçün xüsusi disklər hazırlamışıq. Bu disklərdə düzgün diksiyada və gözəl səslə Azərbaycan xalq nağılları və digər xalqların hekayələri yer alır. Bu addımların hamısı, böyüməkdə olan nəsilə Azərbaycan dilini əlçatan etmək və onu sevdirərək təqdim etmək məqsədi güdür. Bu işlər davam edir ki, heç bir vasitə olmaması bəhanəsi irəli sürülməsin.

 -Bildirdiniz ki, dil siyasətinin inkişafı və tətbiqi zamanı çətinliklərlə qarşılaşılır. Bəs bu çətinliklər nələrdir və qarşısı necə alınır?

-Çətinliklərə gəldikdə, Monitorinq Mərkəzinin əməkdaşı olaraq deyə bilərəm ki, ölkə başçısının 1 noyabr 2018-ci il tarixli fərmanı ilə müəyyən edilən qaydalara əsasən, biz müxtəlif sahələrdə, o cümlədən mediada, reklam daşıyıcılarında, resurslarda və internet məkanında Azərbaycan dilinin saflığının qorunmasına yönəlik monitorinqlər aparırıq.

Televiziyalarda apardığımız monitorinqlər nəticəsində artıq ikinci kitabımız nəşrə hazırlanır. 2025-ci ilin ilk ayında biz hesabatımızı təqdim edəcəyik. Bu prosesin əsas məqsədi, dilin saflığını qorumaq və ictimaiyyətə düzgün dil tədrisi barədə məlumat verməkdir. Bizim üçün təbliğat çox vacibdir. Ümumiyyətlə, adət-ənənələrimiz və milli-mənəvi dəyərlərimizin gənclərdə yaratdığı pis vərdişlər də bizi narahat edir. Biz bu məsələləri daim gündəmə gətiririk, tövsiyələr və təkliflər veririk, düzgün variantları təqdim edirik və nitq qüsurlarının aradan qaldırılması üçün təbliğat aparırıq.

Bizi narahat edən məsələlərdən biri də aparıcıların nitqi ilə bağlıdır. Biz istəyirik ki, aparıcılar qüsurlarla danışmasınlar. Aparıcıların tamaşaçıları yalnız gənclərdən ibarət deyil, həm də yaşlı nəslin və həssas təbəqələrin nümayəndələrini əhatə edir. Danışıq səviyyəsi, qonaqlara yanaşma tərzi isə müəyyən vaxtdan sonra təkrarlanan bir problemə çevrilir. Təlimlərə dəvət etmək üçün aprel ayında məktublar göndərdik, amma təəssüf ki, bir çox aparıcı bu təlimlərə qatılmaq istəmirlər. Onlar ya təlimlərin zəruriliyini hiss etmir, ya da öz nitqlərinin ən nümunəvi olduğunu düşünürlər.

Azərbaycan teleməkanının dilin inkişafı üçün zəngin bir vasitə olub-olmadığı sualı gündəmə gəlməlidir. Reklam daşıyıcılarında da vəziyyətin düzəlməsi vacibdir. Vətənə gələn turistlər, reklamların əcnəbi dillərdə olmasını qeyri-adekvat hesab edə bilərlər. Azərbaycan dilindən kənar bütün dillər mənim üçün əcnəbi dillərdir. Niyə bizim reklamlarımız öz dilimizdə olmur? Niyə bu reklamlar dil mühiti və dil sevgisini hiss etdirmir? Bu, çox ciddi bir məsələdir.

Gənclərimizin yazı vərdişləri də bizi narahat edir. Məsələn, mesajlaşmalarında “tşk” (təşəkkür) və “slm” (salam) kimi qısaltmalar geniş yayılıb. Halbuki bizim dilimizdə belə qısaltmalar yoxdur. Azərbaycan dili saitlər üzərində qurulan və ahəng qanununa tabe olan bir dildir. Lakin gənclərimiz yazılarında saitləri unudurlar. Bu, bizim dilimizi unutdurmağa doğru gedən ciddi bir addımdır. Mənə elə gəlir ki, Azərbaycan dilində düzgün danışan bir insan, öz həyat tərzini də düzgün qurur. Bu məsələlər bizi çox narahat edir və dilimizin saflığını qorumaq üçün daha çox iş görməliyik.

-Cəmiyyətin müxtəlif təbəqələrində dilin qorunması və istifadəsi üçün hansı maarifləndirmə və təbliğ tədbirləri həyata keçirilir?

-Elm və Təhsil Nazirliyinə ünvanladığımız məktub əsasında “Azərbaycan dili və təhsilimiz” layihəsi çərçivəsində bağça və orta məktəblərdə müxtəlif görüşlər keçiririk. Yadımdadır ki, Şəki şəhərində və Sumqayıtda, həmçinin Bakı şəhərində bir neçə məktəbdə bu cür görüşlər təşkil etmişdik. Görüşlərin əsas məqsədi odur ki, müəllimlərimiz, dialekt və şivələrimiz nə qədər gözəl olsa da, siniflərdə ədəbi dil istifadə etsinlər. Bizim arzumuz odur ki, Azərbaycan dili və ədəbiyyatı dərsləri daha maraqlı və cəlbedici keçsin. Müəllimlərimiz çalışmalıdırlar ki, uşaqları bədii ədəbiyyata yönləndirsinlər, onları kitab oxumağa təşviq etsinlər və kitab sevgisini aşılasınlar.

Düşünürəm ki, gənclik bu gün maraq göstərdiyi sahələrə yönəlir, buna görə də müəllimlərin öz nitqləri və danışıq tərzi çox vacibdir. Amma bu nitqi daha maraqlı etmək üçün, necə danışmalıyıq ki, tələbələr bizi dinləyə və dilə olan sevgilərini artırmaq üçün nə etməliyik? Dilin sevilməsi ilə yanaşı, onun düzgün istifadəsini təbliğ etmək vacibdir.

Monitorinq Mərkəzinin iki verilişi efirdə yayımlanır. Mən Azərbaycan Televiziyasında “Sözün düzü” verilişini təqdim edirəm. Bu verilişdə orfoqrafik və orfoepik normalara riayət edilir, səhv variantlar göstərilir və düzgün variantlar təqdim olunur. Həmçinin, Real televiziyasında yayımlanan “Redaktor” verilişində müxtəlif sahələrdən olan ziyalılarımızı, öz nitqi ilə nümunə göstərən insanları dəvət edirik. Bu verilişlər vasitəsilə dilin zənginləşməsi və qorunması məqsədilə praktiki həllər təklif edirik. Hər bir layihə dilimizin inkişafı və təbliği üçün xüsusi əhəmiyyət kəsb edir.

Samirə Kərimli

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il