Hadisə

Texnologiyanın sürətli inkişafı müəllimlər və şagirdlər üçün daha interaktiv, əyani və effektiv təhsil vasitələrindən istifadə imkanını artırıb. Beləliklə, rəqəmsal alətlər müasir təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlamasında qeyd edib ki, informasiya texnologiyalarının inkişafı bu alətlərin istifadəsini zəruri edir:

“21-ci əsr yeni çağırışlar dövrüdür və burada informasiya texnologiyalarının inkişafı təhsildə də dəyişiklikləri qaçılmaz edir. Bu səbəbdən həm təhsil alanların, həm də təhsil verənlərin rəqəmsal biliklərinin inkişaf etdirilməsi və rəqəmsal alətlərdən istifadəsi vacibdir.”

Ekspert əlavə edib ki, dövlət bu istiqamətdə tədbirlər planı hazırlayır:

“Plan ilk növbədə ölkədəki tam orta təhsil müəssisələrinin kompüterləşdirilməsini nəzərdə tutur. Bundan başqa, hər bir şagirdin fərdi kompüterlə təmin olunması məqsəd qoyulub. Bu, hazırda tam mümkün olmasa da, tədricən bu hədəfə nail olunacaq.”

Elçin Əfəndi həmçinin təhsil alanların və verənlərin rəqəmsal alətlərdən istifadə bacarıqlarının artırılmasının əhəmiyyətini vurğulayıb:

“Məsələn, bulud texnologiyalarından istifadə etməklə biliklərə asanlıqla çıxış təmin edilir. Pandemiya dövründə “Zoom” və “Microsoft Teams” kimi platformaların istifadəsi bunu daha da aşkar etdi. Rəqəmsal alətlərin istifadəsi ümumi təhsil prosesini daha səmərəli edir.”

Ekspert bu prosesdə müəyyən çətinliklərin də olduğunu qeyd edib:

“Ən böyük çətinliklərdən biri hər bir fərdin rəqəmsal alətlərlə tam təchiz olunmamasıdır. Eyni zamanda internetin bərabər paylanmaması və ya tam əlçatan olmaması problemdir. Qarşıdakı dövrdə ucqar ərazilərdə internet təmin edildikdən sonra bu problemlərin aradan qalxacağına inanırıq.”

Elçin Əfəndi gələcəkdə kağız daşıyıcılardan istifadəni minimuma endirərək rəqəmsal alətlərin tam inteqrasiyasına nail olunacağını vurğulayıb. O, ağıllı lövhələrin, virtual səyahətlərin və digər rəqəmsal vasitələrin artıq tədris prosesində tətbiq olunduğunu qeyd edib.

Saida Ramazanovi

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il