Bildiyimiz kimi, bu gün - 8 noyabr Zəfər günüdür. 4 il bundan öncə Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşdu. Artıq torpaqlarımız ah-nalə içərisində deyil, zəfər sədası gəlir Qarabağımızdan. Azərbaycanın 8 noyabrda qazandığı bu tarixi zəfər həm də xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin təntənəsidir. Bu gün Qarabağda çiçəklənən həyat, şəhidlərimizin və qazilərimizin sayəsindədir. Zəfər Günü həm də Azərbaycan xalqının gücünü, iradəsini və qətiyyətini bir daha dünya üzərində göstərdiyi bir gündür.
Zəfər Günü ilə bağlı bir sıra ictimai xadimlər, elm adamları təəssüratlarını Crossmedia.az-la bölüşüb. Onları sizə təqdim edirik.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Zəfər Günü Azərbaycan xalqının ümummilli bayramıdır. O bildirib ki, Bu bayram həm də,Azərbaycan xalqının iradəsinin,təntənəsinin,ədalətin,beynəlxalq hüququn bayramıdır:
“Çünki, Azərbaycan xalqı uzun illər məğlubiyyətə məhkum edilib. Düşmən Azərbaycan xalqını mənəvi qırılma nöqtəsinə qədər gətirməyə çalışdı, amma, xalqımız həmrəylik nümayiş elətdirib “dəmir yumruğun” ətrafında sıx birləşdi və Azərbaycan dövlətçiliyini yenidən dirçəltməyi bacardı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında böyük tarixi qələbə əldə etdi.Bu qələbədə heç şübhəsiz ki, lider, komandan faktoru həlledici oldu. Məhz Azərbaycan prezidentinin qərar qəbul etmək və bu qərarı nə vaxt qəbul etmək imkanları doğru anda Azərbaycan dövlətinin doğru qərar qəbul etməsinə gətirib çıxartdı və biz cəmisi 44 gün ərzində böyük tarixi zəfərə imza atdıq.Zəfərin hərbi miqyas etibarilə böyüklüyü möhtəşəmdir. Həm də milli-mənəvi və milli- psixoloji baxımdan milli yaddaşımızda dərinliyi çox böyükdür. Çünki, bu zəfər yeni reallıqlar yaratmaqla xalqımızın bundan sonra böyük,daha böyük qələbələr əldə etməsi üçün yeni zəmin formalaşdırdı. Eyni zamanda milli özünüdərk tarimizdə, milli dövlətçilik tariximizdə tamamilə yeni bir mərhələ yaratdı. Bu mərhələ isə qısaca olaraq qalib xalqın qalib dövlətinin yeni mərhələsi kimi qiymətləndirilə bilər”.
Milli Məclisin deputatı Aqil Abbas Ali Baş Komandan İlham Əliyevi Fateh Sultan Mehmedə bənzətdiyini deyib:
“Necə Sultan Mehmetin əsgərləri o ağır gəmiləri torpaqdan daşıyaraq boğaza saldıqları kimi İlham Əliyevin əsgərləri də ağır texnikanı, eləcə çiyinlərində daşıyaraq keçilməz meşələrdən, cığırlardan keçirərək Şuşaya aparıb çıxara bildilər. Bunu sənədli kadrlarda çox görmüsünüz. Sultan Mehmetin əsgərləri Konstantinopolun hasarlarına dırmaşdıqları kimi Cənab İlham Əliyevin əsgərləri də Şuşanın ətrafındakı sıldırımlardan eləcə dırmaşdılar və şəhərin içində ermənilərlə əlbəyaxa döyüşə girdilər və şəhəri azad etdilər. 30 ildən sonra Gövhər ağa məscidinin minarəsindən Azan səsləndirildi. Və Cənab İlham Əliyev müqəddəs bayrağımızı Şuşada qaldırdı. Ermənilərin Şuşi adlandırdığı şəhər yenidən öz qədim adına qovuşub Şuşa oldu. Son 200 ildə zəbt olunmuş torpaqlarımız məhz Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşməndən azad oldu. Necə ki İstanbulda 600 ildir Türk bayrağı dalğalanır, eləcə də Şuşada və Qarabağda min illər Azərbaycan bayrağı dalğalanacaq. Möhtərəm Prezident necə deyib: “Biz həmişə burda yaşamışıq, min illərlə də yaşayacağıq”.
Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Hikmət Quliyev bildirib ki, 8 Noyabr Zəfər günü Azərbaycan tarixinin ən şərəfli səhifəsidir:
“30 ilə yaxın müddətdə düşmən tapdağında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, Güclü Azərbaycan Ordusunun şücaəti, xalqımızın bir yumruq kimi birləşməsi nəticəsində azad olundu.Qarabağımızın incisi Şuşa şəhəri məhz 8 Noyabr tarixində öz əzəli və əbədi sahiblərinə qovuşdu.Hesab edirəm ki, 8 Noyabr Zəfər bayramı şəhidlərimizin qisasının alındığı, qanlarının töküldüyü Vətən torpağında güllərin çiçəklədiyi gündür”.
Ekspertlərin fikrincə, Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının gücünü və Ali Baş Komandanın sərkərdəlik siyasətini bir daha sübut etdi.
“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!” Möhtərəm Prezidentimiz İlham Əliyev söylədiyi bu sözlər bir daha özünü sübut etdi.
Nəzrin Salmanova