Ölkəmizdə keçirilən COP29 tədbirinin 9-cu günü Urbanizasiya, Turizm və Nəqliyyat Günü olacaqdır. Müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulan gün ərzində davamlı şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi, karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması yolu ilə havanın keyfiyyətinin yaxşılaşdırılması, bu məsələlərin dövlətlərin siyasətinə daxil edilməsi və s. məsələlər müzakirə olunacaqdır.
Məlum olduğu kimi, Bakı şəhərində elektrik mühərrikli 160 ədəd avtobusdan ibarət Zığ Elektrik Avtobus Parkı istifadəyə verilib. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir. Eyni zamanda, Bakı şəhərində taksi parkı da, tədricən, alternativ yanacaqlardan istifadə edən nəqliyyat vasitələri ilə yenilənir. Son dövrlər 150 ədəd “LEVC TX5” markalı “plugin hibrid” taksilər də gətirilib.
Mövzu üzrə araşdırma apararkən, ölkəmizdə “Yaşıl nəqliyyat sisteminin formalaşdırıl-ması”na dair hələ 2018-ci ildə nəşr edilmiş (mənbə: https://au.edu.az/upload-files/konfrans/davamli_inkisaf_konfrans_materiallari.pdf, səh.144-152 ) məqaləyə rast gəldik.
Məqalənin müəllifi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovla həmsöhbət olduq. Söhbət əsnasında məlum oldu ki, Aqil müəllim müstəqillik illərində (hətta 1982-ci ildən sonra) nəqliyyatın iqtisadiyyatı sahəsində doktorluq dissertasiyası müdafiə etmiş ilk və hələlik yeganə elmlər doktorudur. Fürsətdən istifadə edərək, Aqil müəllimin “Yaşıl nəqliyyat sistemi” ilə bağlı fikirlərini, araşdırmalarını Crossmedia.az oxucuları ilə bölüşürük.
- Aqil müəllim, bayaq da qeyd edildiyi kimi, sabah COP29-da Urbanizasiya, Turizm və Nəqliyyat Günüdür. Gün ərzində davamlı şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi, karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması kimi məsələlər müzakirə ediləcəkdir. Yəqin ki, məlumatlısınız.
- Təbii ki, məlumatlıyam və yaxından izləyirəm. Belə bir mötəbər tədbirdən, dünyanın diqqət mərkəzində olan, ölkəmiz üçün çoxcəhətli əhəmiyyətlilik kəsb edən tədbirdən bütün vətəndaşlarımız, azərbaycansevərlər məlumatlı olmalıdır. Tədbir boyunca bir çox aktual məsələlərə toxunuldu, müzakirələr aparıldı, qərarlar qəbul edildi, Bakıdan dünyaya mühüm mesajlar verildi. Sabah da nəqliyyatla bağlı müzakirələr aparılacaqdır və bu da olduqca mühüm məsələdir.
- Hələ 5-6 il öncədən siz öz araşdırmalarınızda bu məsələyə toxunmusunuz, məqalələriniz var, səhv etmirəmsə.
- Doğrudur, mən də bu məsələni araşdırmışam, bununla bağlı ilk məqaləm 2012-ci ildə nəşr edilib. Ümumiyyətlə, Davamlı İnkişaf Konsepsiyasının qəbulundan, Dayanıqlı İnkişaf Məqsəd-lərinin qəbulundan etibarən yaşıl iqtisadiyyat, yaşıl nəqliyyat mövzuları – ekoloji problemlər daha çox gündəmə gəlibdir. O cümlədən, 2009-cu ildən mən də - sistemli şəkildə bu məsələləri araşdırmışam. Mənim elmi işimin mövzusu “Azərbaycanda yeni nəqliyyat sisteminin formalaşdırılması və davamlı inkişafının təmin olunması problemləri” idi, tədqiqatlarda nəqliyyat sisteminin davamlı inkişafı, yaşıl nəqliyyat sisteminin formalaşdırılması da əsas xətt kimi keçirdi.
- Aqil müəllim, yaşıl nəqliyyat sistemi bu gün də aktual olaraq qalır. Bu nədən qaynaqlanır, yalnız Dayanıqlı İnkişaf Məqsədlərindənmi, yoxsa nəqliyyatın özünün səciyyəvi xüsusiyyətlərindən?
- Bildiyimiz kimi nəqliyyat ətraf mühiti çirkləndirən əsas mənbələrdən biridir, ümumi çirklən¬dirmədə 60-70% paya malikdir. Araşdırmalar göstərir ki, dünyada istehsal edilən illik neftin 2,0 milyard tondan çoxu nəqliyyat vasitələri üçün yanacağa sərf edilir. Nəzərə alsaq ki, 1 litr yanacağın normal və təmiz yanmasına 15 kq-a yaxın O2 lazımdır, onda dünya nəqliyyatinin yalnız yanacağın yanmasına sərf etdiyi oksigenin həcmi aydın olar. Eyni zamanda, dünyada istismar edilən nəqliyyat vasitələri tərəfindən il ərzində atmosferə bir milyard tondan çox zərərli qaz buraxılır ki, bunun nəticəsində də təbiətin özünü bərpaetmə qabiliyyəti zəifləyir, balans pozulur. Havaya buraxılan bütün maddələr müxtəlif dəyişikliklərə məruz qalır, qaz halında olan maddələr isə hava axını və külək vasitəsilə atmosfer kütləsinə qarışır, bərk (ağır) tullantılar isə torpağın üzərinə çökür. Bu da nəticədə ətraf mühitin və atmosferin çirkləndirilməsi, torpaqların məhsul-darlığının azalması, xəstəliklərin artması və s. kimi mənfi hallara gətirib çıxarır.
- Siz danışdıqca, Bakı şəhərinin havası, nəqliyyat sıxlığı göz önünə gəlir.
- Bəli, bu baxımdan Bakı şəhəri ilə bağlı vəziyyət də müvafiq addımların atılmasını zəruri edir. Nəqliyyat vasitələrinin sayı ilə yolların buraxıcılıq qabiliyyəti uzlaşmır. Bu da vəziyyəti bir az da qəlizləşdirir. Konkret faktlara müraciət etsək, hələ 2018-ci ildə aparılan müşahidə və hesablamalar göstərir ki, Bakı şəhərinin əsas küçə və prospektləri ilə gündəlik hərəkət edən avtomobillərin sayı aşağıdakı kimidir:
Bu vəziyyət də ciddi sosial-iqtisadi və ekoloji problemlər yaradır. Ona görə də, davamlı inkişaf edən, YAŞIL NƏQLİYYAT SİSTEMİNİN formalaşdırılması istiqamətində ardıcıl addımların atılması zəruridir.
Bakı şəhərində 1 km yola, təqribən 473 avtomobil düşür ki, bu da ekoloji baxımdan olduqca zərərlidir. Nəzərə alsaq ki, bir avtomobil, orta hesabla hər il 4,0 ton oksigen udur, 800 kq zərərli qaz, 40 kq azot oksidi, 200 kq müxtəlif karbohidrogenlər buraxır, eləcə də 1 litr yanacağn tam yanması üçün 15 kq oksigen tələb olunur, onda avtonəqliyyat vasitələrinin ekoloji zərərlərini hesablamaq olar. Eyni zamanda, bu hesablamaları həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı şəhər və regionlar üzrə də hesablamaq mümkündür.
Göründüyü kimi, benzin və ya dizel yanacağı ilə işləyən bir avtomobil mühərikinin illik ümumi ekoloji zərərlərini 1040 kq, gündəlik 2,8 kq qəbul etsək, yalnız yuxarıda adı çəkilən küçə və prospektlər üzrə ekoloji mənzərə aşağıdakı kimi olacaqdır:
Bu rəqəmlərin 2018-ci ilə aid olduğunu nəzərə alsaq, indi rəqəmlərin fərqli olduğunu görərik. 2018-ci ildə ölkədə 1.370.504 ədəd, Bakı şəhərində 648.275 ədəd, 2023-cü ildə isə 1.738.940 ədəd, Bakı şəhərində 746.751 ədəd avtomobil olub. Yəni ölkə üzrə 368.436 ədəd, Bakı şəhəri üzrə isə 98.476 ədəd daha çox.
- Həqiqətən də rəqəmlər sabah keçiriləcək müzakirənin – Yaşıl nəqliyyat ssisteminin formalaşdırılmasının nə qədər aktual olduğunu bir daha göstərir. Aqil müəllim, çıxış yolu nədir, necə edək ki, yaşıl sistem daha tez formalaşsın. Nəqliyyatla bağlı ekoloji problemlər daha tez həllini tapsın.
- İlk növbədə, yaşıl iqtisadiyyat, yaşıl nəqliyyat və s. düşüncədə formalaşmalıdır. Yəni, necə deyərlər, YAŞIL DÜŞÜNCƏ formalaşması ən ümdə məsələdir. Ona görə də intensiv maarifləndirmə, təbii ki, paralel islahatların da həyata keçirilməsi lazımdır. Yaxın gələcəkdə, rels nəqliyyatına üstünlük verilməsi də qaçılmazdır.
Müşahidələr göstərir ki, mənfi nəticələrin iki başlıca səbəbi vardır ki, bu da hərəkətin intensivliyi və hərəkət rejimidir, hansı ki, bunun da hər ikisi küçə-yol şəbəkəsinin (KYŞ) buraxıcılıq qabiliyyəti ilə sıx bağlıdır.
Sxem1. Küçə-yol şəbəkəsinin yüklənmə səviyyəsinə təsir edən amillər
Daha doğrusu, KYŞ-nin vəziyyəti buraxıcılıq qabiliyyəti hərəkətin intensivliyi və hərkət rejimi ilə uzlaşdırılmalıdır. Ümumilikdə isə, müşahidələrə əsasən KYŞ-nin yüklənməsinə təsir edən amilləri sxematik olaraq yuxarıdakı kimi göstərə bilərik.
Sxem 1-dən göründüyü kimi, KYŞ-nin buraxıcılıq qabiliyyəti yol hərəkətinin təşkili, yol şəbəkəsinin planlaşdırılması, küçə və yolların quruluşu ilə formalaşır. Təbii ki, hərəkət tələbləri, daşınma tələbatı və s. məsələlər də şəbəkənin yüklənməsinə təsirsiz deyildir.
Ona görə də KYŞ-nin yüklənməsinə qarşı da müəyyən tədbirlərin görülməsi zəruridir. Belə ki, buraxıcılıq qabiliyyətinin optimallaşdırılması, rayonlararası daşımaların azaldılması, şəxsi nəqliyyat vasitələrindən istifadənin məhdudlaşdırılması, parklanmanın daha səmərəli təşkili və s. məsələlər KYŞ-nin yüklənmə səviyyəsini azaltmağa, buraxıcılıq qabiliyyətini yüksəltməyə və mövcud imkanlardan daha optimal istifadəyə imkan verər. Bu isə, öz növbəsində həm ekoloji, həm də xidmətlərin səmərəli təşkili baxımından çox vacibdir. Bütün qeyd edilənləri nəzərə alaraq, xidmətlərin səmərəli təşkili və ekoloji zərərlərin azaldılması baxımından KYŞ-nin yüklənmə səviyyəsinin azaldılmasının aşağıdakı sxemi (Sxem 2) təklif edilir.
Sxem 2. Küçə-yol şəbəkələrinin yüklənmə səviyyəsinin aşağı salınması istiqamətləri
Təbii ki, yalnız infrastruktur təminatı təkmilləşdirməklə nəqliyyat sisteminin yaratdığı problemləri aradan qaldırmaq qeyri-mümkündür. Ona görə də, məsələlərə kompleks yanaşılması daha düzgün olardı. Bu baxımdan, şəhərsalma həm də ərazi¬lərdən səmərəli istifadə olunması imkanlarını təqdim etməlidir. İstismar edilən nəqliyyat parkının proporsional bölünməsi, yol-nəqliyyat kompleksinə daxil olan ayrı-ayrı sahələr arasında əlaqələrin təmin olunması da vacibdir.
- Bu sahədə xarici təcrübə necədir, Avropa ölkələrində də hər hansı küçələrə buraxılışlar məhdudlaşdırılırmı
- Dünyanın Berlin, Paris, Sürix, Pekin, Tokio və s. kimi iri şəhərlərində ictimai nəqliyyat sisteminin vəziyyətini araşdırmışam. Demək olar ki, kiçik fərqlərlə, oxşar təcrübələrdir. Bütün şəhərlərdə məhdudlaşdırmalar, inzibati tənbeh tədbirləri də mövcuddur, pararlel də intensiv maarifləndirmə. Konkret olaraq, Avropa Komissiyası iri şəhərlərdə nəqliyyatın mobil və ekoloji təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə plan işləyib hazırlayıb. Plana əsasən, hibrid avtomobillərdən, biodizel yanacağından, sıxılmış təbii qazdan, elektromobillərdən, hidrogen yanacaqlı nəqliyyat vasitələrindən daha geniş istifadə tövsiyə edilir. Eyni zamanda, ictimai nəqliyyatın inkişaf etdirilməsi, sürətli avtobus nəqliyyatının formalaşdırılması, vahid biletlə müxtəlif növ nəqliyyat vasitələrindən istifadə imkan¬larının yaradılması, daşıma xidmətlərinin təşkilində marketinq araşdırmalarından genişmiqyaslı istifadə, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq təkmilləşdirilməsi, pik saatlarında fərqli tariflərin tətbiqi, parklaşmanın səmərəli şəkildə tənzimlənməsi, bir sıra mərkəzi küçələrə girişin müəyyən zaman kəsiyində məhdudlaşdı-rılması, mümkün yollarda sürət məhdudiyyətinin yumşaldıl¬ması və s. kimi məsələlər də planda prioritetlik kəsb edir.
- Yekun olaraq, ölkəmizdə nələrin həyata keçirilməsini tövsiyə edərdiniz?
- Təbii ki, məsələlərə yalnız nəqliyyat, yalnız infrastruktur, yalnız şəhərsalma prizmasından yanaşmanın lazımi effekt verməsi az inandırıcıdır. Ona görə də, ilk növbədə, kompleks yanaşma təmin olunmalıdır. Ümumilikdə isə, ölkəmizdə ətraf mühit üçün minimum zərərli olan yaşıl nəqliyyat sisteminin formalaşdırılması və inkişafı istiqamətində aparılan araşdırmalardan belə nəticəyə gəlinir ki, avtomobil nəqliyyatı insanların və sənayenin normal fəaliyyətinin təşkili, davamlı inkişafının təmini üçün nə qədər zəruridirsə, canlı aləm, ətraf mühit üçün də o qədər zərərlidir. Ona görə də, tədqiqat işində də qeyd olunduğu kimi, nəqliyyat, ətraf mühit və insanların sağlamlığı məsələlərinə kompleks şəkildə yanaşılması daha məqsədəuyğundur və davamlı inkişaf tələbləri ilə yaxından uzlaşır. Başqa sözlə desək, davamlı inkişaf edən ölkəmizdə yaşıl nəqliyyat sisteminin formalaşdırılması və davamlı inkişafının ən qısa yolu nəqliyyat, ətraf mühit və sağlamlıq məsələlərinin kompleks şəkildə nəzərə alınmasından keçir. Ümumilikdə isə, yaşıl nəqliyyat sisteminin inkişaf planını sxematik olaraq (Sxem 3) göstərə bilərik.
- Aqil müəllim çox sağ olun, Yaşıl nəqliyyat ilə bağlı fikirlərinizi, araşdırmalarınızı Crossmedia.az ilə bölüşdüyünüz üçün sizə təşəkkür edirik, elmi yaradıcılığınızda uğurlar arzu edirik.
- Siz sağ olun, mən də sizə uğurlar arzu edirəm. Belə bir aktual mövzuya toxunduğunuz üçün təşəkkür edirəm.
Nihat Tahirov